“2021-ci ilin dövlət büdcəsi qələbə büdcəsidir” - Vüqar Bayramov

 “2021-ci ilin dövlət büdcəsi qələbə büdcəsidir” -  Vüqar Bayramov
  21 Dekabr 2020    Oxunub:2483
2021-ci ilin dövlət büdcəsində prioritet məsələlərdən biri işğaldan azad olunan ərazilərimizin bərpası, eyni zamanda şəhid ailələri, müharibə qaziləri və ailələrinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlıdır.
Bunu Azvision.az -a Milli Məclisin deputatı Vüqar Bayramov 2021-ci ilin dövlət büdcəsi layihəsini şərh edərkən deyib. O bildirib ki, 2021-ci ilin dövlət büdcəsində həm büdcə xərcləri, həm də büdcə gəlirləri əvvəlki illə müqayisədə artacaq.

"2021-ci ildə büdcə gəlirləri 24 milyard manat, icmal büdcənin xərcləri 31 milyard manatdan çox olacaq. Nəticə etibarı ilə bu istiqamətdə daha çox vəsaitin ayrılması mümkün olacaq. O baxımdan həm büdcə gəlirlərinin proqnozlaşdırılmasında, həm büdcə xərclərinin qruplaşdırılmasında mövcud çağırışlar nəzərə alınıb. Büdcə xərcləri qruplaşdırılan zaman müharibə nəticələrinin aradan qaldırılması və işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda COVID-19 pandemiyası ilə mübarizə tədbirləri və təbii ki, sosial təminatın gücləndirilməsi ilə bağlı ayırmalar əsas prioritetlər kimi qruplaşdırılıb. Burada sosial təminat, səhiyyə, təhsil, müdafiə və təhlükəsizlik, dövlət quruculuğunda xidmətlə bağlı xərcləri də qeyd etmək lazımdır".

Deputat qeyd edib ki, 2021-ci ilin dövlət büdcəsi qələbə büdcəsidir, eyni zamanda sosial təminatın daha da yaxşılaşdırılmasına xidmət edəcək büdcədir.

"Bu konteksdə büdcə gəlir və xərclərinin artması artıq 2021-ci ildə Azərbaycanda bərpa və yenidənqurma işlərinin daha da sürətlənməsinə imkan verəcək. O baxımdan büdcə hər bir vətəndaşımızın sosial təminatının gücləndirilməsinə töhfə verməklə yanaşı, işğaldan azad olunan ərazilərimizə həyatın qaytarılmasına xüsusi maliyyə dəstəyi həyata keçiriləcək. Nəticə etibarı ilə biz gələn ildən etibarən işğaldan azad olunan rayonlarımızın bərpa və yenidən qurulmasını, maliyyələşməsini müşahidə edə biləcəyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Büdcə   Gəlir   Xərc  





Xəbər lenti