Oqtay Əsədov İrana gedəsi olmadı?

Oqtay Əsədov İrana gedəsi olmadı?
  14 Fevral 2014    Oxunub:1344
Fevralın 18-19-da Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, millət vəkilləri Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı tədbirdə iştirak etmək üçün fevralın 14-də İran İslam Respublikasına səfər edəcəklər.

Sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, sədrliyin Sudandan İran İslam Respublikasına keçməsi və digər məsələlər daxil edilib.

Tədbir çərçivəsində qurumun İcraiyyə komitəsinin iclası, Siyasi və xarici məsələlər, İqtisadi məsələlər, Qadın, ailə məsələləri və insan haqları, Sivilizasiyalararası və dinlərarası dialoq üzrə komitələrinin toplantıları, habelə müsəlman qadın parlamentarilərin konfransı keçiriləcək.

Yığıncaqlarda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi, Fələstində, Kiprdə, Kəşmirdə vəziyyət, üzv dövlətlər arasında ticarətin genişləndirilməsi, təbii fəlakətlər nəticəsində yaranmış iqtisadi gərginliyin aradan qaldırılması, Avropada müsəlman miqrant ailələrin sığınacaq problemləri, islam dünyasında uşaq və gənclərin müdafiəsi, qeyri müsəlman dövlətlərdə islam mədəni irsinin qorunması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Deputatlarımız tədbirlərdə müzakirə olunacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqlar.

Səfər fevralın 20-də başa çatacaq.

Qeyd edək ki, spiker Oqtay Əsədovun İranda keçiriləcək İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edəcəyi bildirilirdi. İranın Azərbaycandakı Səfiri Möhsün Pak Ayin da mətbuata açıqlamasında Milli Məclisinin sədri Oqtay Əsədovun İrana səfər edəcəyi bildirilmişdi.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti