Mehriban Əliyeva: “Əlimdən gələni etməyə hazıram”
Qeyd edək ki, fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək dedi: "İlk növbədə, mən Sizin hamınızı bu Milli Konservatoriyanın açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əlbəttə, böyük bir hadisədir. Əminəm ki, ölkəmizin milli mədəniyyətinin inkişafına böyük bir təkan verəcəkdir. Əlbəttə, belə bir şəraitdə gənc nəsil böyüyəcək, siz ustadların təcrübəsindən bəhrələnəcəkdir.
Amma mən bu gün üzümü sizlərə - bizim ustadlara tutub ilk növbədə, sizə olan dərin hörmətimi və məhəbbətimi çatdırmaq istəyirəm. Sizinlə bizim hər görüşümüz, ünsiyyətimiz mənim üçün çox dəyərlidir. Bu gün biz çox sözlər eşitdik. Bütün bunların hamısı həqiqətdir. Amma mən bir şeyi də qeyd etmək istərdim ki, siz hamınız əlbəttə, böyük incəsənət xadimisiniz. Amma bununla yanaşı, siz böyük şəxsiyyətsiniz. Sizin məhz Prezident dediyi kimi, sizin Azərbaycan xalqının ən gözəl ənənələrinə sadiq olmağınız, həyat tərziniz, təvazökarlığınız həm gənclər, həm də, ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün çox böyük əhəmiyyət daşıyır. Ona görə bizim cəmiyyətdə ümumbəşəri dəyərlərin yaşaması, - çünki bu, doğrudan da bu gün çox vacibdir, - humanizm dəyərlərinin yaşaması üçün mən sizə cansağlığı və uzun ömür arzulayıram. Mən də hər zaman əlimdən gələni etməyə hazıram. Sizə cansağlığı diləyirəm".
AzVision.az