“Xəzər dəhlizi” Londonda müzakirə olunacaq
“Xəzər dəhlizi” konfransı regionun iqtisadi inkişaf perspektivləri və tendensiyalarını müzakirə etmək üçün Xəzəryanı ölkələrin hökumət nümayəndələri, biznes dairələri, elmi və kütləvi informasiya vasitələrinin nümayəndələrini bir araya gətirir.
AzVision.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, konfrans çərçivəsində regionun artım amilləri, Londonla əlaqələr müzakirə ediləcək, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim olunacaqdır. Konfransda Böyük Britaniyanın qabaqcıl iqtisadiyyat sektorlarını təmsil edən və yönəldən şəxslərin məruzələri dinləniləcək, həmçinin Xəzər dəhlizi ölkələri üçün xüsusi inkişaf yolları ətrafında müzakirələr aparılacaq.
Beynəlxalq bankın sədri Cahangir Hacıyev bu barədə danışarkən demişdir: İlk "Xəzər dəhlizi" konfransı böyük uğurla keçən, Xəzər regionu və Londonun biznes dairələri arasında mühüm dialoqun başlanğıcı olub. İnanıram ki, 2014-cü ildə keçirəcəyimiz konfrans da bu təməl üzərində qurulacaq, Birləşmiş Krallıq və Xəzər dəhlizi ölkələri, eləcə də MDB-nin maliyyə bazarları arasında daha sıx əlaqələrin gücləndirilməsinə yardım edəəcəkdir. Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur və çalışırıq ki, bu ölkə və digər beynəlxalq sərmayəçilərlə daha güclü və geniş əlaqələr quraq".
London Fond Birjası Qrupunun baş icraçı direktoru Xavier Rolet qeyd etmişdir ki, Böyük Britaniya ilə dinamik inkişaf edən Xəzər regionu arasında işgüzar əlaqələr möhkəmlənir. Biz gözləyirik ki, bu vəziyyət 2014-cü ildə və sonrakı illərdə davam edəcəkdir. Konfrans “Xəzər dəhlizi” ölkələri və London üçün real dəyərlər, işgüzar münasibətlər qurmaq imkanı yaradır.