Təhsil sistemində daha bir YENİLİK

Təhsil sistemində daha bir YENİLİK
  13 Mart 2014    Oxunub:1101
Bu gün 6 saylı məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Təhsil və Maliyyə Nazirliklərinin dəstəyi ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə BBP tətbiq olunur.

Proqram haqqında geniş məlumat verən C.Valehov qeyd edib ki, BBP çərçivəsində təhsil 3 mərhələyə (PYP-ibtidai təhsil, MYP-V-İX siniflər, DP-Diplom proqramı, X-XI siniflər) bölünür.

O, vurğulayıb ki, BBP-nin tətbiq olunduğu ilk dövlət tədris ocağı olan 6 nömrəli məktəb-liseyin XI sinif şagirdləri bu il beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar.

C.Valehoğlunun sözlərinə görə, bu proqramın üstünlüyü ondan ibarətdir ki, uşaqlar özlərinə və onların gələcək inkişafına lazım olan bilikləri mənimsəməyə daha çox istiqamətlənirlər.

Təqdimat mərasimində çıxış edən 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova bildirib ki, təqdimatın əsas məqsədi, bu proqram çərçivəsində təhsil alan məzunlarımızın, yəni ilk məzunlarımızın təqdimatı ilə bağlıdır.

O xatırladıb ki, 2011-ci ildə məktəb-liseyin açılışından sonra biz bu cür məktəb-liseydə nə etməliyik sualına cavab olaraq, bu proqramın liseyimizdə tətbiq oluna biləcəyini düşündük və bu istiqamətdə uğur qazandıq. Və Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq proqramın tədrisi ilə bağlı Təhsil və Maliyyə Nazirliklərinin dəstəyi ilə 201-ci idən 6 nömrəli məktəb-liseydə BBP tətbiq olunmağa başladı:

“Sentyabrdan etibarən biz namizədlik statusu aldıq və artıq bizim X-XI siniflər bu proqramla məktəbi bitirirlər. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, dövlət məktəblərində ödənişli əsaslarla beynəlxalq təhsil tətbiq oluna bilər. Bu isə deməyə əsas verir ki, 6 nömrəli məktəb-lisey dövlət məktəbi olmaqla yanaşı, həm də Beynəlxalq Məktəb( İnternational School) statusuna malikdir”.

G.Orucova onu da qeyd edib ki, bu proqram üç hissədən ibarət olsa da, 6 saylı məktəbdə X-Xı sinifləri əhatə edən proqramla fəaliyyətə başlanılıb.

“Bu proqram çərçivəsində bizə müraciət edən şagirdlərin sayı çox olsa da, biz yalnız öz məktəbimizin şagirdlərini bu proqrama cəlb etdik. Bu əlbəttə ki, məsuliyyət idi Bu günkü gündə bu proqram çərçivəsində bizim məktəbimizin müəllimləri arasında təlim keçən, sertifikat alan müəllimlərimiz var. Lakin ilkin mərhələdə biz tarix müəllimlərini xaricdən dəvət etmişdik və artıq şagirdlər ilk dərslərdən lokal müəllimlərlə əcnəbi müəllimlər arasında fərqi görməyə başladılar və biz xaricdən müəllim dəvət etməyə başladıq. Hazırda, məktəbimizdə xarici müəllimlər fəaliyyət göstərirlər. Bununla yanaşı, öz müəllimlərimiz də assissent kimi fəaliyyət göstərirlər. Və biz hesab edirik 1-2 ildən sonra bu kadrlar tam hazırlıq olacaq və bizim artıq əcnəbi müəllimlərə ehtiyacımız olmayacaq”.

G.Orucova onu da qeyd edib ki, bu proqramın üstünlüyü ondan ibarətdir ki, hər hansı bir məktəb proqramın üç hissəsindən birini götürə bilər, yəni hissələrin bir-birinə bağlılığı yoxdur.

Qeyd edək ki, 1968-ci ildə İsveçrədə yaradılmış BBP-nin diplomu hazırda 130-dan çox ölkə və 2500 universitet (Oksford, Harvard, Kembric, Yell və digər Universitetlər) tərəfindən tanınır. Bu proqramın üstün cəhəti onda ibarətdir ki, BBP-nin hər bir mərhələsi (PYP, MYP, DP) ayrılıqda tətbiq oluna bilər.
BBP üzrə ingilis dilində aparılması bütün ölkələrdən olan şagirdlərin əməkdaşlıq və ünsiyyət imkanlarını artırır. İngilis dilindən əlavə, BBP fransız, alman, çin və rus dillərində də tədris olunur. BBP çərçivəsində çalışan müəllimlər hər üç ildən bir ixtisasartırmaya cəlb olunur. Müvafiq məktəblərdə isə hər beş ildən bir monitorinq aparılır.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti