“Onları dinə-imana dəvət edirik” - Şeyxdən çağırış
AzərTAc xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Zaqatalada jurnalistlərə müsahibəsində bildirib.
QMİ sədri deyib: “Bu gün biz həm dinimizi, həm də dövlətimizi qorumalıyıq. Çünki bu dövlətin bünövrəsini qoyan Heydər Əliyev həzrətləri, onun layiqli davamçısı Prezident İlham Əliyev vicdan azadlığı, təsdiq edilmiş qanunlar əsasında dindarlar üçün hər cür şərait yaratmışlar. Lakin bu gün elə qruplar peyda olub ki, onlar insanların arasında içində ayrı-seçkilik salmağa, nifaq toxumu səpməyə çalışırlar. Biz belələrinin çirkin əməllərinə qarşı birgə səylərlə mübarizə aparmalıyıq.
Azərbaycan güclü dövlətdir. Azərbaycan dövləti 15 il, 10 il, heç 5 il bundan əvvəlki dövlət deyildir. Bu gün Azərbaycan bütün dünyada tanınmış qüdrətli dövlətlərdən birinə çevrilmişdir. İnşallah bu qüdrət getdikcə artacaqdır. Allah-təala da bu işdə bizə həmişə kömək olar. Mən yollarını azan, başqalarının təsiri altına düşən insanlara tövsiyə edərdim ki, düz yola qayıtsınlar. Onları dinə-imana, düzgün yola dəvət edirik. İnşallah, onlar da tezliklə öz səhvlərini başa düşər, doğru yola qayıdarlar”.