General son mənzilə yola salındı
Müdafiə Nazirliyinin mətbuat xidnətindən AzVision.az-a verilən məlumat görə, üzərinə Azərbaycan Respublikasının dövlət bayrağı sərilmiş tabutun qarşısında mərhumun təltif olunduğu medallar qoyulmuşdu. Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, hərbi hissələrin şəxsi heyəti, veteranlar cənazə yanında fəxri qarovulda dayanaraq ona ehtiram bildiriblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə yaradılmış dəfnin təşkili üzrə komissiyanın sədri mərhum general D.Abdullayevin həyat və xidmət yolundan danışıb, vəfatı ilə əlaqədar Müdafiə Nazirliyi rəhbərliyinin nekroloqunu vida mərasimi iştirakçılarının nəzərinə çatdırıb. Sonra hərbi orkestrin müşayiətilə izdiham 2-ci Şəhidlər Xiyabanına yola düşüb. Əsgəri ənənələrə uyğun olaraq Azərbaycan Respublikasının dövlət himninin ifası, yaylım atəşlərindən sonra mərhum general-mayor D.Abdullayev son mənzilə yola salınıb. Mərasimin sonunda cənazənin üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib