`Bakıda açılan lisey Fransanın ikinci parçası olacaq` - FOTOLAR

`Bakıda açılan lisey Fransanın ikinci parçası olacaq`  - FOTOLAR
  12 May 2014    Oxunub:1836
Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar.

Dövlət başçılarına liseydə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, liseyin 320 yerlik binasının tikintisi üzrə işlərin mühüm hissəsi artıq başa çatmışdır və qalan işlərin də bu ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulur. Liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” imzalanan sazişə əsasən qoyulmuşdu. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib ki, Ollandın rəsmi səfəri Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında mühüm addım olacaq: “İyirmi ildən artıqdır ki, ölkələrimiz bir-biri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çoxşaxəlidir, müxtəlif sahələri əhatə edir və gündən-günə möhkəmlənir.

Bizim çox sıx siyasi əlaqələrimiz var. Sizin rəsmi səfəriniz bunu təsdiqləyir. Daim siyasi dialoq, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılır. Biz beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik. Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir.

İqtisadi sahədə görüləcək işlərə yeni təkan vermək üçün sabah biznes forum keçiriləcə. Mən çox şadam ki, Azərbaycana Fransadan Sizinlə bərabər çoxsaylı iş adamları gəlmişlər. Əminəm ki, biznes forumun nəticələri də çox yaxşı olacaqdır. Çünki bizim aramızda olan ticarət əlaqələri də güclənir, möhkəmlənir.

Bildiyiniz kimi, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Eyni zamanda, humanitar sahədə, o cümlədən təhsil sahəsində əməkdaşlıq inkişafdadır. Yüzlərlə Azərbaycan gənci hazırda Fransanın ali məktəblərində təhsil alır və bu proses davam edir. Azərbaycan təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Minlərlə Azərbaycan gənci dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində dövlət hesabına təhsil alır.

Səfərinizin bu məktəbdən başlaması Sizin də bu sahəyə böyük diqqət verdiyinizi əyani şəkildə sübut edir. Yəni, burada bizim məqsədlərimiz üst-üstə düşür. Əminəm ki, bu liseydə təhsil alacaq uşaqlar gələcəkdə Fransa-Azərbaycan əlaqələrini daha da sıx möhkəmləndirəcəklər. Burada fransalı uşaqlar öz ana dilində təhsil alacaqlar, öz Vətəninə bağlı olacaqlar. Azərbaycanlı uşaqlar isə fransız dilini mükəmməl, öz ana dili kimi biləcəklər. Eyni zamanda, bu liseydə Fransanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanış olacaqlar”.

Dövlət başçısı deyib ki, biz humanitar sahədə müxtəlif layihələr üzrə işləyirik: “Biz çox şadıq ki, Parisdə, Versalda, Strasburqda icra olunan layihələrdə Azərbaycan tərəfi də iştirak edir. O cümlədən Luvrda aparılan işlərdə Azərbaycan tərəfi iştirak etmişdir. Bu, bizim əlaqələrimizi daha da sıx birləşdirir. Eyni zamanda, son illərdə Fransanın müxtəlif şəhərlərində çoxsaylı Azərbaycan tədbirləri - mədəniyyət günləri, sərgilər, konsertlər keçirilib.

Şəhərlərarası əlaqələr də çox zəngindir və çox səmərəlidir. Deyə bilərəm ki, Parisin mərkəzində, Eyfel qülləsinin lap yaxınlığında iki il bundan əvvəl Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Bu da Azərbaycanın Fransadakı kiçik bir parçasıdır. Necə ki, bu məktəb səfirlikdən sonra Fransanın ikinci məkanıdır, ikinci ərazisidir. Bu məktəbin yaradılması da bizim dostluğumuzu ifadə edir. Çünki bu, birgə səylər, hər iki tərəfdən gələn səmimi təşəbbüs nəticəsində mümkün olmuşdur. Bu yerin seçilməsi də çox böyük məna daşıyır. Çünki bu ərazidə vaxtı ilə, sovet dövründə sənaye zonası yerləşirdi. Bakının son illərdə abadlaşması və sənaye zonalarının şəhərin kənarına çıxarılması layihələri məhz bu zonada da icra edilir. Burada yeni məktəbin, Fransız Liseyinin yaradılması da rəmzi məna daşıyır. Çünki arxa tərəfdə “Ağ şəhər” layihəsi çərçivəsində Paris kvartalı yaradılır. Ağ şəhər əslində şəhər içində bir şəhərdir, müasir şəhərsalma metodları ilə yaradılır. Paris evləri , Paris kvartalı, Fransız Liseyi, Xəzər dənizi, Bakı Bulvarı, bax bu zona şəhərin gözəl mərkəzinə çevrilir. Əminəm ki, burada mövcud olan gözəl ab-hava, dostluq, mehribanlıq ab-havası xalqlarımızı daha da sıx birləşdirəcək”.

Prezident Fransua Olland deyib ki, bu gün Azərbaycanda çoxlu fransız şirkətləri fəaliyyət göstərir: “Biz iqtisadiyyatınızın inkişafına töhfə vermək üçün ölkənizdə çalışan fransız şirkətlərinin sayını artırmaq istəyirik. Bu, əlbəttə ki, enerji sahəsinə də aiddir. Həmçinin təklif edəcəyiniz digər yeni sahələrdə də işləməyi arzulayırıq. Elə onlardan birini xatırlatmaq yerinə düşərdi. Bu, şəhərsalma sahəsidir. Sizin şəhəriniz Cənubi Qafqazda ən böyük əhalisi olan şəhərdir. Bu şəhərdə böyük inkişaf müşahidə olunur. Şəhər dəyişib, bu şəhər böyük liman şəhəridir, böyük sənaye şəhəridir. Bu şəhər böyüyür və dünyanın ən nüfuzlu şəhərlərindən birinə çevriləcəkdir. Fransa bu gözəl layihədə sizinlə işləmək istəyir, ən yaxşı xidmətləri, şəhər xidmətlərini, nəqliyyat xidmətlərini, içməli su və çirkab suların təmizlənməsi xidmətlərini göstərmək, tullantıların idarə edilməsində yardımçı olmaq istəyir. Bir sözlə, biz istəyirik sizə yardım edək ki, Bakı şəhəri və digər şəhərləriniz davamlı inkişaf baxımından nümunəvi olsun.

Biz sərmayə qoymaq, mübadilə etmək, ticarət aparmaq istəyirik. Biz bu işləri görmək istəyirik və bu, ölkələrimiz arasında olan münasibətlərin əsas vəzifəsidir. Biz təhsil, texnoloji biliklərin mənimsənilməsində iştirak etmək istəyirik. Ölkənizin universitetləri ilə də işləmək istəyirik.

Cənab Prezident, Siz təhsil almaq üçün Fransaya gələn tələbələrinizi qeyd etdiniz. Biz onları ən yaxşı səviyyədə qəbul etmək istərdik. Biz hətta Parisdə universitet korpuslarından birində Azərbaycan tələbələri üçün şərait yaratmağa hazırıq ki, biliklərin birgə əldə edilməsində və hətta elmi tədqiqatlarda iştirak edən azərbaycanlıların sayı çox olsun”.

Bir neçə günlüyə Qafqaza gəldiyini bildirən Olland deyib ki, “dünyanın bu guşəsində, xüsusən də Azərbaycanda böyük inkişaf gedir. Biz də istərdik ki, sizin bütün dünyada, Avropada işlədiyiniz kimi, yəni, inkişafı birgə təmin edək, onu dayanıqlı edək və bu inkişaf xalqlarımıza rifah gətirsin”.

Qalereya




Teqlər:  





Xəbər lenti