“Azadlıq”dakı Leyla Yunus

“Bütün beynəlxalq mətbuatda mən bunu yaydım”. Leyla Yunus “Azadlıq” radiosuna müsahibəsində “bunu” deyəndə erməni mənşəyinə görə təzyiqə məruz qalması barədə etdiyi iddiaları nəzərdə tuturdu. Maraqlıdır ki, Leyla Yunus dediyi kimi erməni mənşəyinə görə təzyiqə məruz qalırsa, bəs niyə bu təzyiq günü bu gün Azərbaycanda yaşayan 30 min erməniyə qarşı yoxdur?
Heç bir şərh vermədən yenə “Azadlıq” radiosundakı müsahibəyə qayıdaq: “Mən heç vaxt ümumiyyətlə, oxumuram məndən nə yazırlar. Arif (Arif Yunus-red.) açır kompyuteri, oxumadan hamısını ora yığır, nə vaxt bizə lazımdır hansısa xarici fonda göstərməyə necə bizi tənqid edirlər, necə bizə şər atırlar, biz onu qısa xülasə edirik və göndəririk”.
Erməni mənşəyi, qalmaqal və xarici fondlar. Leyla Yunusun əsl istəyi, “çörəyi” də elə bu 3 sözdən çıxır. Fikir verirsinizsə, o, ümumi olaraq xarici təşkilatlar yox, məhz maliyyə mənbəyi olan xarici fondların adını çəkir. Leyla Yunus bu haqda o vaxt bərkdən danışmağı sevir ki, Bakıda hansısa mötəbər beynəlxalq tədbir, məsələn, Beynəlxalq Açıq Cəmiyyət Forumu keçirilir, orada Azərbayca nümunə çəkilir, ölkə, xalq, millət qazanır, ölkədəki tolerantlıq uğurlu model kimi öyrənilir. Leyla Yunus bunları həzm edə bilmir. Bütün post-sovet məkanında ən yaxşı kriminogen vəziyyətə, sabitliyə nail olmuş bir ölkənin “hüquq-müdafiəçisi” ona “Hörmətli Leyla xanım” deyə müraciət edən polis zabitinə “Bunlar adam deyillər, adamlıqdan uzaqdırlar. Onlar fikirləşirlər ki, cəmiyyətdə də onlar kimi heyvanlar çoxdur. Heyvan kimi də özlərini aparırlar” deyə “Azadlıq” radiosunda bağırır, dövlət məmurunun şərəf və ləyaqətini təhqir edir. Hətta o hamının gözü qarşısında polisin papağını atır, sonra deyə bilir ki, “Yox, mən onu vurmadım, sadəcə papağını çıxardım, ona görə ki, papağı kişi taxar, o isə kişi deyil, o, insan deyil”.
Kimsə düşünə bilər ki, bu sözləri Leyla Yunus əsəbiləşib deyib. Amma “Azadlıq” radiosuna müsahibəsinin videosu ki var, orada Leyla Yunusun kefi yerindədir, danışır, gülür, zarafat edir, amma yenə həmin həqarətlə “2003-cü ildən bəri mən görürəm, nə kişidirlər, nə namus var, nə qeyrət var, nə insanlıq var” deyə Azərbaycanın bütün hüquq-mühafizə orqanı əməkdaşlarını təhqir edir, aşağılayır.
Əlbəttə, Leyla Yunus onu da bilməmiş deyil ki, bütün bu sözlər, qeyri-qanuni hərəkətlər hüquqi məsuliyyət yaradır. Görünür, onun istədiyi də zorakılığa məruz qalmasıdır, qarşılığında yenə xaricdən yaxşı maliyyə təklif olunub. Azərbaycan polisi isə 60 yaşlı bu qadını arzusuna çatdırmır.
Leyla Yunus azadlıqdadır. Və o, bu azadlıqda ölkədə azad medianın olmamasından danışır, amma yenə də özünü təzkib edərək “Mənə ən böyük dəstək oldu Azərbaycan jurnalistlərindən. O qədər burada jurnalist olmasaydı, bilmirəm, necə vəziyyət olardı” deyir. Görəsən, Azərbaycanda azad media yoxdursa, Leyla Yunusun tualetə getməyinə kimi niyə hamı hər şeydən xəbərdardır?
O, təkcə özünü yox, əri Arif Yunusu da təkzib edir, gah deyir ki, ağır xəstədir, ayağa qalxa bilmir, gah da deyir ki, “Əgər Unibank-dan desələr ki, gəl pulu götür. Mən maşına Arifi oturdaram, gedərəm banka pulu götürərəm”.
Özünüzü yormayın, Leyla xanım, təxribatlarınızın baş tutması üçün Azərbaycanda meydan yoxdur. Hətta düzəltmək istədiyiniz kiçik şounu az qala Rusiya-Qərb geosiyasi qarşıdurması səviyyəsinə qaldırıb, bunu guya Qərbə hücumlar kimi qələmə verməyiniz də mənasızdır. Ona görə ki, biz sizə baxanda heç vaxt Qərbi görmürük. Heç Şərqi də görmürük. Gördüyümüz bir şey var, o da Vətənə xəyanətdir!