Şura Katibliyinin icraçı direktoru F.Qurbanov səfərin məqsədi və ölkəmiz haqqında danışaraq Azərbaycanın iqtisadi inkişafı, yerləşdiyi regionun lider dövləti olması, vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işlər, Şura və onun xarici QHT-lər üçün qrant proqramı haqqında geniş məlumat verib.
Nümayəndə heyəti Danimarkanın Sondeborq şəhərində Avropa gününə həsr olunmuş toplantıda da iştirak edib. Tədbirdə Avropanın müxtəlif ölkələrinin milli azlıqlarını təmsil edən nümayəndələr və QHT nümayəndələri iştirak edib. Konfrans iştirakçılarına müxtəlif xalqların birgəyaşayış və konfliktlərin idarə olunması modelləri təqdim edilib. Şuranın nümayəndə heyəti “Avropa günü” konfransının təşkilatçısı olan FUEN-nin rəhbərliyi ilə keçirilən görüşdə Avropalı həmkarlarına ölkəmizdə birgəyaşayış modeli, tolerantlıq ənənələri, multikultralizm, milli azlıqlarla bağlı həyata keçirilən dövlət siyasəti və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında ətraflı məlumat verib.
10 may 2014-cü ildə Azlıqların Hüquqları üzrə Avropa Mərkəzində görüş keçirilib. Təşkilatın rəhbəri xanım Maloy Şuranın nümayəndə heyətini Azlıqların Hüquqları üzrə Avropa Mərkəzinin fəaliyyəti ilə tanış edib.
Daha sonra səfərin yekunlarına həsr olunmuş müzakirə keçirilib. Nümayəndə heyətinin üzvləri Fərasət Qurbanov, Sahib Məmmədov, Əliməmməd Nuriyev və Rəna Mirzəzadə Danimarka və Almaniyanın vətəndaş cəmiyyəti qurumlarında, parlamentində və xarici işlər nazirliklərində keçirilən görüşlər və onların əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində keçirilən bütün görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mövcud inkişaf səviyyəsi, dövlətimizin vətəndaş cəmiyyətinə verdiyi dəstək və multikultralizm ənənləri haqqında Almaniya və Danimarka ictimaiyyətinə verilən məlumatlar maraqla qarşılanıb.