Bakı Metropoliteni: “B-04” stansiyasının üçüncü səviyyəsinin inşası başa çatıb

   Bakı Metropoliteni:    “B-04” stansiyasının üçüncü səviyyəsinin inşası başa çatıb
  27 Yanvar 2023    Oxunub:1019
Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilir ki, mezonin adlanan 3-cü səviyyə tam texniki səciyyə daşıyır. Burada xidməti otaqlar, 4 havalandırma kamerası tikiləcək. Artıq döşəmə konstruksiyasının betonlanması başa çatdırılıb. İnşaat işləri platforma səviyyəsində gedir. Torpaqqazma və tikinti quraşdırma işləri başlanıb, 55-60 metr sahədə sağ və sol tunellərin dəmir-beton tübinqləri dağıdılıb. Bu mərhələdə qrunt sularının inşaat işlərinə təsirini minimallaşdırmaq, həmçinin stansiya istifadəyə veriləndən sonra məhz bu məqsədlə istifadə olunması məqsədilə müvafiq qurğulardan birinin inşasına da başlanılıb.

Bununla yanaşı, “8 Noyabr” və “B-04” stansiyaları arasında tunellərin sərt özül betonu qoyulub. Hazırda sağ mənzil tunelində yolun üst quruluşu betonu qoyulur, dəmir-beton şpallar düzülür, hərəkət relsləri quraşdırılır. Yeddivaqonlu qatarları qəbul edəcək 144 metr uzunluqda platformanın tikintisi bu işlərdən sonra başlanacaq.



Xatırladaq ki, “B-04” stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Onun dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə inşa edilir. Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd girişdən qəbul olunacaq. Zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində üç eskalator üçün yer ayrılıb. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator quraşdırılacaq.

İkinci səviyyə keçid funksiyası daşıdığından keçid səviyyəsi adlanır. Bura platforma səviyyəsinə eniş üçün nəzərdə tutulub. Keçid adı bu səviyyəyə həm də oradan Sarı xəttə keçidin yaradılacağına görə verilib. Konseptual inkişaf sxeminə görə gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybət qəsəbəsini birləşdirəcək Sarı xəttin şərti adı “S-06” stansiyasına keçmək buradan mümkün olacaq.



İnşaat zamanı əvvəlcə səviyyədən səviyyəyə enmək üçün qazıntı işləri aparılaraq torpaq qatı çıxarılıb. Sonra səviyyənin döşəməsi hamarlanıb. Dəmir-beton konstruksiya qurularaq betonlanma işi aparılıb. Bu qayda ilə üç zonaya bölünmüş ikinci səviyyə tam betonlanıb. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si burada, biri isə kassa zalında quraşdırılacaq.









AzVision.az


Teqlər:





Xəbər lenti