Reyestrdə jurnalistlərin stajı necə hesablanacaq – Açıqlama

   Reyestrdə jurnalistlərin stajı necə hesablanacaq –    Açıqlama
  13 Fevral 2023    Oxunub:1122
Ötən ilin oktyabr ayından media subyektləri, jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq, müraciət edirlər. Ancaq media reyestrinə müraciət zamanı bir çox jurnalist iş stajının tam olaraq hesablanmaması problemi ilə qarşılaşıblar.
Əgər elektron sistemdə staj 3 ildən az görünürsə, iş ilinə baxmaq üçün əmək kitabçasının notarial təsdiqi istənilir. Daha artıq staj görünəndə kitabçanın notarial təsdiqi tələb olunmur. Ancaq əgər elektron sistemdə əvvəlki illərin iş stajı görünmürsə, bu zaman da əmək kitabçasının notarial təsdiqi tələb olunur.

Bütün bu məsələlərlə bağlı jurnalistlərin sosial şəbəkələrdə də müraciətləri yayımlanır. Eyni zamanda, gələcəkdə pensiya yaşı çatan zaman da müəyyən problemlərin ortaya çıxacağı narahatlığını yaradır.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, jurnalistlərin iş stajı, digər sahələrdə çalışan vətəndaşlarımız kimi, əmək müqaviləsi ilə çalışdıqları dövr hesab olunur: “Bu staj haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü ildən işə salınan “Əmək və Məşğulluq” altsistemində əksini tapır. 2014-cü ildən öncəki iş stajı haqqında məlumatlar isə hər bir media işçisində mövcud olan əmək kitabçasında əksini tapır.

Media reyestri ilə bağlı tələblərdə məhz bu amil əsas götürülür. Nazirlik olaraq Medianın İnkişafı Agentliyi ilə fəal əməkdaşlıq edilir, müvafiq elektron informasiya sistemlərinin Agentliyin informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası təmin olunub.

Qaldı ki, jurnalistlərin gələcəkdə pensiya hüququ məsələsinə, bu hüquq sığorta stajına uyğun olaraq təmin edilir. Belə ki, 2006-cı ildən ölkəmizdə tətbiq edilən fərdi uçot sistemində sosial sığorta ödəmələrinin həyata keçirildiyi dövrlər (sığorta stajı) və toplanmış pensiya kapitalı əksini tapır. Pensiya kapitalı təkcə əmək müqaviləsi ilə deyil, VÖEN və ya mülki müqavilə ilə çalışan hər kəslə bağlı ödənilən sığorta haqları hesabına formalaşır”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli qeyd edib ki, artıq uzun müddətdir pensiya sistemi avtomatlaşdırılıb: “Ödəniş edilibsə, deməli, qeydiyyat var. 2006-cı ildən ölkədə rəsmi qaydada çalışanların fərdi uçot kodu və fərdi pensiya sistemi var. Dövlət Sosial Müdafiə Fondu üçün ödənilmiş vəsaitlər həmin kod üzrə qeydə alınır. Burada işçini qeydiyyata salmadan ödəniş edilməsi qeyri-mümkündür. Ola bilsin ki, işçi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi xidmət müqaviləsi bağlanılıb. Amma bu halda da ödəmələr gedir və onların uçotu kənarda qalmır. Yox, əgər staj qeydə alınıb və sistemdə görünmürsə, bu texniki məsələdir. Bunun üçün jurnalistlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etməklə, stajlarını yenidən hesablatdıra bilərlər. Lakin bu da inandırıcı deyil. Çünki dediyim kimi 2006-cı ildən rəsmi qaydada çalışanların qeydiyyatı avtomatik qaydada hesablanır və hər birinin fərdi identifikasiya kodu mövcuddur ki, ödənişlər bura köçürülür”.



Teqlər: Media   Reyestr  





Xəbər lenti