Laçındakı əməliyyatın 10 vacib əhəmiyyəti – Ədalət Verdiyevin yazısı

   Laçındakı əməliyyatın 10 vacib əhəmiyyəti –    Ədalət Verdiyevin yazısı
  31 Mart 2023    Oxunub:6004
2020-ci ilin sentyabrın 27-dən başlayaraq qəhrəman Silahlı Qüvvələrimiz hər gün şanlı Zəfər tariximizi yeni nailiyyətlərlə zənginləşdirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz rus kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizin erməni silahlılarından təmizlənməsi prosesini böyük peşəkarlıqla həyata keçirir.
Keçən ilin Novruz bayramında “Fərrux” yüksəkliyinin azad olunması ilə başlayan əməliyyatlar sonradan Sarıbaba, Qırxqız və Buzdux yüksəkliklərinin azad edilməsi ilə müşaiyət olundu. Ardınca isə Ordumuzun bölmələri həm Laçın rayonun mərkəzini, həm də Sus və Zabux kəndlərini düşməndən təmizlədilər. Lakin bu əməliyyatlar Ermənistanı ərazilərimizə şəxsi heyət, mina, silah və sursat daşımaqdan çəkindirmədi.

3 ay əvvəl təbii sərvətlərimizin talanmasına qarşı başlanan aksiya Ermənistanın daşımalar üçün alternativ torpaq yoldan istifadəyə əl atması ilə nəticələndi. Bu da Azərbaycan Ordusunun məhdud heyətinin Turşsu-Xəlfəli-Xankəndi yolunda 2054 yüksəkliyindəki mövqelərə yerləşməsinə səbəb oldu. Lakin bu addım da Ermənistanın Qarabağa silah daşımalarını məhdudlaşdırmağa kömək etmədi.

Belə olanda Azərbaycan Ordusunun hissə və bölmələri Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürdü. Müdafiə Nazirliyi bu fəaliyyəti rəsmi olaraq yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqələndirdi.

İstənilən halda bu xəbər Azərbaycan vətəndaşının 31 ildir ki, gözlədiyi zəfər müjdələrindən biri idi. Mənim kimi səbrli adamın belə rəsmi təsdiqi gözləməyə səbri çatmadı. Bilirdim ki, gözləməliyəm, amma gözləyə bilmədim. Bəlkə də bu, azad edilən ərazini 1992-ci ilin 7 oktyabrında ermənilərə təslim etməyimlə bağlı idi. O zaman 45 nəfərlə erməniləri qovub, həmin əraziləri 3 gün nəzarətdə saxlaya bilmişdik. 15 nəfər itkidən sonra yerdə qalan 30 nəfəri qorumaq üçün geri çəkilmək əmrini verməli olmuşdum...

90-cı illərdə ərazilərimizin işğalı məhz bu gün nəzarətə götürdüyümüz Görus-Laçın yolu ilə Ermənistanın Qarabağa və ətraf rayonlara silah, sursat və şəxsi heyət daşınması ilə mümkün olmuşdu. Mən Görus-Laçın yolunun Qarabağdakı erməni separatçıları üçün “qida və nəfəs borusu” olduğunun canlı şahidiyəm. Odur ki, bu “qida borusunun” nəzarətə götürməsi və ərazilərimizə qeyri-qanuni silah daşınmasının məhdudlaşdırılması həm bir vətəndaş, həm də ehtiyatda olan zabit kimi məni sonsuz məmnun edir.

Əvvəlki məqalələrimdə yazmışdım ki, “Fərrux zəfəri bizə hələ çox qələbələr bəxş edəcək”, “Növruz sürprizsiz maraqlı olmur”, “2023-cü il sürprizlər ili olacaq”... Xoşbəxt adamam ki, Ali Baş Komandanın cəsarətli bəyanatlarına, Əsgərimizin ərazidəki yüksək peşəkarlığına və xalqımızın dəstəyinə arxalanıb səsləndirdiyim ehtimallar özünü doğruldur.

Ordumuzun cəsarətli addımlar ataraq Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhəd boyu geniş sahələri nəzarətə götürməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır:

1) Azərbaycan ərazilərinə Ermənistandan şəxsi heyət, silah və sursat daşınması maksimum məhdudlaşacaq;
2) Azərbaycan Laçın istiqamətində Ermənistanla sərhədlərini nəzarətə götürəcək;
3) Tarixi torpaqlarımız olan Gorus rayonuna geniş nəzarət imkanları yaranacaq;
4) Ermənistanla sərhəddə nəzarət-buraxılış və ya sərhəd-keçid məntəqəsini yerləşdirməyə imkan verəcək;
5) Şərqi Zəngəzurun həmin hissəsində hərbi və mülki infrastruktur layihələrini həyata keçirmək olacaq;
6) Düşmənin o istiqamətdə mümkün təxribalarını və manevrlərini məhdudlaşdırmaq üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcək;
7) Ermənizmin dayaqlarının sarsıdılması, “Böyük Ermənistan” ideyasının və “Qarabağın statusu” barədə miflərin birdəfəlik gündəmdən çıxarılması prosesini tamamlayacaq;
8) Azad olunan Laçın, Susa və Zabuxun həm yenidən bərpasını, həm də bu ərazilərə “Böyük Qayıdış” prosesini daha təhlükəsiz və daha geniş miqyasda davam edirməyə şərait yaradacaq;
9) Laçın istiqamətində dövlət və sərhəd təhlükəsizliyi tam təmin olunacaq;
10) Bu əməliyyat Azərbaycanın istənilən platformada mövqeyini möhkəmləndirəcək.

Sadalananlardan da görünür ki, qəhrəman Ordumuz kifayət qədər böyük bir uğura imza atıb. Həm də heç bir itki vermədən. Sözügedən unikal əməliyyat Azərbaycan ordusu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib. Uğurlu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəsi ilə bərabər strateji yüksəkliklər və müxtəlif təyinatlı yollar nəzarətə götürülüb.

Hətta erməni mediası belə əməliyyatın Azərbaycan Ordusu tərəfindən yüksək peşəkarlıqla reallaşdırıldığını etiraf edir. Əməliyyatdan sonra Ordumuzun Xankəndi-Laçın yoluna nəzarət imkanları kifayət qədər genişlənib. Bu yol boyunca bütün ərazilər artıq Azərbaycan ordusunun tam nəzarəti altındadır.
Amma bu, Ordumuzun imza atdığı son əməliyyat deyil. Növbəti aylarda da uğurlarımız davam edəcək.

Vətən Müharibəsindən sonra həm döyüş potensialını bərpa edən, həm on minlərlə hərbçini mürəkkəb iqlim və relyef şəraitində yeni mövqelərə yerləşdirən, həm ərazilərimizi bərpa edən, həm də minaların təmizlənməsinə böyük vəsait xərcləyən Azərbaycan erməni silahlılarını torpaqlarımızdan təmizləmək üçün səylərini intensivləşdirir. Bu istiqamətdə fəaliyyətimiz son hədəflərimiz əldə olunana qədər davam edəcək.

Bunun üçün ilk növbədə vətəndaş olaraq biz də özümüzdə inam, qətiyyət və iradə tapmalı, müzəffər Ali Baş Komandanımızın və qəhrəman Əsgərimizin yanında olmalıyıq. Azərbaycanla düşmənçilik aparanlar əmin olmalıdır ki, ölkəmiz haqlı mübarizəsində bir addım da geriyə atmayacaq. Biz məqsədlərimizə çatmaq üçün əlimizdən gələni etmişik, edirik və edəcəyik.

Qarabağ və Zəngəzur yolunda kimsə Azərbaycana mane ola bilməz. Ali Baş Komandanımızın və qəhrəman Əsgərimizn sayəsində Azərbaycan torpaqlarına gizli silah daşınmasına və digər qeyri-qanuni fəaliyyətlərə son qoyulması artıq bir reallıqdır. Və bu reallıqdan hamımız qürur hissi keçiririk. Qarşımızda olan qüvvələr Ali Baş Komandanın “Heç kim bizimlə ultimatum dilində danışa bilməz” bəyanatını unutmamalıdırlar. Rəsmi Bakının görüş təklifini qəbul etməyənlər də diqqətli olmalı, baş verən hadisələri analiz etməlidirlər. Azərbaycan dövlətinin verdiyi təkliflərin qüvvədə qalması müddətsiz deyil.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Laçın   Zabux   Cağazur  





Xəbər lenti