Pis deyil, amma düz də deyil – Pərviz Heydərov bank sektorunun vəziyyətini təhlil edir

   Pis deyil, amma düz də deyil – Pərviz Heydərov    bank sektorunun vəziyyətini təhlil edir
  15 Aprel 2023    Oxunub:5534
Ölkənin bank sektorunda vəziyyət əslində, əvvəlkitək sabit və qeyri-normal olaraq qalır. Sektorun durumu və fəaliyyəti iqtisadiyyatda artım tələblərinə cavab verməsə də, hər halda, 2015-ci ildəki devalvasiyalardan sonrakı vəziyyətdə deyil. Bank sektorunun üzərində hazırda "qara buludlar" yoxdur. Ümumən ölkədə 25 bank mövcuddur və onların hər hansı birinin fəaliyyətinin dayandırılacağı təhlükəsi görünmür.
Ancaq ortada bir "xof" yaranıb: guya banklar çökəcək, bütövlükdə sistem iflasa uğrayacaq... Bu ilin fevral ayında iki mühüm göstəricinin dəyişməsi bunda xüsusi rol oynayıb - əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcminin azalması və problemli kreditlərin, yəni geri qaytarılmalı olan, ancaq vaxtında qaytarılmayan borc vəsaitlərinin məbləğinin artması.

Bəs əslində vəziyyət necədir?!

Yaranan xofun xarakterindən hiss olunur ki, əsas səbəb heç də bu deyil və məsələnin kökündə başqa amillər dayanır. İnkişaf etmiş ölkələrin bank sistemlərində yaranmış vəziyyəti misal göstərmək olar. Dünya iqtisadiyyatının aparıcı ölkəsi olan ABŞ-da keçən ayın üç günü ərzində “Silicon Valley Bank” ilə “Signature Bank”ın iflasa uğraması çoxlarını təlaşa salıb. Azərbaycanda belə bir şeyin baş verəcəyi gözlənilmir. Birincisi, ona görə ki, bizdə bank sistemi ABŞ-dakı və digər inkişaf etmiş ölkələrdəki kimi deyil, ikincisi də, banklarımız sərbəst olmamaqla yanaşı, azad rəqabət şəraitində fəaliyyət göstərmirlər. Yəni, onların hər hansı birinin bağlanması vəziyyətindən asılı olmayaraq da baş verə bilər.

Bəs ölkəmizin bank sistemiylə bağlı bizi ümumiyyətlə, nə gözləyir?! Hansısa sürpriz baş verə bilərmi? Əmanətlərin həcminin azalması, problemli kreditlərin məbləğinin artması təhlükəlidirmi?! Bu, davamlı xarakter daşıya bilərmi?

Birincisi, əhalinin əmanətlərinin aşağı düşmə səviyyəsi o qədər çox deyil. Söhbət cüzi - 0,2% azalmadan gedir. Fevral ayında bunda bir neçə səbəb rol oynayıb. Bunlardan birincisi əmanətlər üzrə gəlirdən 10% vergi tutulmasının bərpasıdır. Bu qaydanın aradan götürüldüyü 7 il ərzində əmanətlər artan dinamika üzrə inkişaf edirdi. Vergi ona görə götürülmüşdü ki, 2015-ci ildə iki devalvasiyadan sonra ölkənin bank sektoru fəlakətə düçar oldu. Camaat əmanətlərini banklardan geri çəkməyə başladı. Bunun qarşısını almaq lazım gəldiyindən, stimullaşdırıcı tədbirlərdən biri kimi depozitlər üzrə gəlir vergisi ləğv olundu. İndi bunun bərpası müəyyən əmanət sahiblərində qorxu yaradıb. Halbuki, vergi əmanətin həcmindən deyil, onun faiz gəlirindən tutulur və bu qayda dünyanın hər yerində mövcuddur.

İkinci səbəbsə odur ki, ölkə iqtisadiyyatında xaos yaratmaq istəyənlər tərəfindən banklara inamı süni yolla azalmaq üçün təbliğat aparılır. Təəssüflər olsun, bəziləri də buna uyur. Sual edirəm, banklar niyə bağlansın ki?! Buna səbəb nə ola bilər?! Tutaq ki, bu və ya digər bank bağlandı, o zaman nə baş verəcək ki? Ölkədə bütün banklar üzrə əmanətlər sarıdan sığorta mexanizmi mövcuddur və heç bir bankda kiminsə əmanəti bata bilməz. Konkret sığorta qaydaları var və bu qaydalar daxilində istənilən bankdakı əmanət həcmi zəmanətli sayılır.

Yəni fevralda əhalinin banklardakı əmanətlərinin azalmasının səbəbləri sırf subyektiv amillərlə bağlıdır ki, bu da uzun müddət davam edə bilməz.

Obyektiv səbəblərə gəlincə, əhalinin dolanışıq səviyyəsi çətinləşib və bahalaşma nəticəsində əvvəlkitək sərbəst vəsait formalaşa bilmir. İstehlak xərcləri artıb, yığım imkanları daralıb.

Obyektiv səbəblərin sırasında əlbəttə o da var ki, əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib. Vətəndaşlar artıq bunda stimul görmürlər. Banklar isə bu sahədə heç bir yenilik tədbiq etmək niyyətində deyillər.

Problemli kreditlərə gəlincə, bank sektorunda vəziyyət, dediyim kimi, 2015-ci ildəki kimi deyil. Sektor 2019-cu ildən sonra özünə gəlməyə başladı ki, bunda da Prezident İlham Əliyev tərəfindən problemli kreditlər məsələsinə müdaxilə həlledici rol oynadı. Lakin sual olunur: problemli kreditlər məgər o zaman birdən-birəmi yaranmışdı? Xeyr. Niyə yaranmışdı? Çünki banklar qeyri-neft sektorunu inkişaf etdirmək və bu sahədən ixracı artırmaq üçün real sektoru maliyyələşdirmək əvəzinə istehlak krediti paylayırdılar. İstehsalı və biznesi deyil, istehlakı kreditləşdirirdilər. Bu isə idxalı stimullaşdırırdı. Ona görə də xarici iqtisadi şərait pisləşən kimi ölkə iqtisadiyyatında ilk olaraq bank sektoru axsamağa başladı və devalvasiya baş verdi, nəticədə banklara ödənilməli olan borclar durduğu yerdə kəllə-çarxa yüksəldi. Beləliklə, banklar təcili “süni nəfəs aparatına” qoşulmalı oldular.

Düzdür, hazırda problemli kreditlərin həcmi o dövrdəki səviyyədən xeyli uzaqdır. Keçən ayın əvvəlində bu rəqəm cəmi 606 milyon manat təşkil edib. Halbuki, 2019-cu ildə Prezident müdaxilə etməmişdən öncə 2 milyard manat idi. Sözügedən kreditlərin ümumi kredit portfelində də payı real olaraq 3%-dən çox deyil. Lakin digər məqamlar baxımından vəziyyət fərqlidirmi?! Xeyr. Çünki əslində, hər şeyi real sektorun tələbi və bazar müəyyən etməli olduğu halda, bizdə belə deyil. İqtisadiyyatın real sektoru maliyyələşdirilməli, kreditləşdirmə məhz buna uyğun həyata keçirilməlidir. Bank sektoru işini ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sahəsini inkişaf etdirmək və bu sahədən ixracı artırmaq tələblərinə uyğun qurmalı olduğu halda, belə deyil. Bunun üçünsə istehlak deyil, biznes və istehsal kreditləşdirilməlidir.

Real vəziyyət bundan ibarətdir ki, ölkədə fəaliyyət göstərən bankların maliyyə vəziyyətləri yaxşı olsa da, kredit faizləri yüksəkdir, əmanətlər üzrə təklif olunan gəlirlilik səviyyəsi əvvəlkitək cəlbedici deyil, borc vəsaitlərinin verilməsi riskli sayılmaqla yanaşı, bütövlükdə bank sektoru iqtisadiyyatın normal inkişafı və artımı sarıdan müvafiq tələblər üçün çalışmır.

Bundan başqa, bank sistemində təmərküzləşmə (bir, yaxud bir neçə əldə cəmlənmə) də yüksək səviyyədədir. Bu isə ən təhlükəli məqamlardan biridir. Yenə qayıdıram 2015-ci ildə devalvasiyadan sonrakı vəziyyətə ki, Azərbaycan Beynəlxalq Bankı ilə əlaqədar o dövrdə yaranan vəziyyət yaddan çıxarılmamalıdır.

Pərviz Heydərov


Teqlər: Bank  





Xəbər lenti