Putin niyə geri çəkildi – Ədalət Verdiyevin şərhi

   Putin niyə geri çəkildi –    Ədalət Verdiyevin şərhi
  27 İyun 2023    Oxunub:5048
“Vaqner” Özəl Hərbi Şirkətinin etdiyi birmənalı olaraq qiyam idi. Vaxtilə Rusiya prezidentinin ən yaxın adamlarından biri olan Priqojin açıq şəkildə dövlət çevrilişi etmək məqsədilə silahlı muzdlularını Moskvaya istiqamətləndirmişdi. Lakin Putinin vasitəçisi kimi çıxış edən Belarus prezidenti A.Lukaşenko hansısa bir şəkildə Priqojini Moskvanın 200 kilometrliyindən qayıtmağa razı sala bildi. Halbuki “Vaqner” muzdlularının çoxu bu qərardan narazı qalmışdı.
Qiyamın başa çatmasından cəmi bir gün sonra məlum oldu ki, “Vaqner” muzdlularını yerləşdirmək üçün Belarusun Moqilev vilayətində hərbi düşərgələr tikilir. Layihəni kim maliyyələşdirir? Yerdə qalan 17 min “Vaqner” muzdlusunun taleyi necə olacaq? Bu və digər suallar təbii ki, çoxlarını düşündürür.

780 km ərazini bir gün ərzində qət edərkən “Vaqner” qruplaşmasına nəinki mane olmayan, bəzən hətta isə dəstəkləyən Rostov, Voronej və digər vilayətlərin polis idarələri, daxili qoşun hissələri, Rusiya Müdafiə Nazirliyinin bölmələri, o cümlədən, Cənub Hərbi Dairəsinin qərargahını müqavimət göstərmədən, xəbərdarlıq atəşi belə açmadan “Vaqner”ə təslim edən, bununla da əslində dövlətə və şəxsən Putinə xəyanət edən zabitlər bəs hansı ölkəyə qaçıb canlarını qurtaracaqlar? Hələ Allah bu fərari və xainlərin üzünə baxıb ki, bu gün Rusiyada Stalin hakimiyyətdə deyil...

Bəziləri baş verən qiyamın Kremlin ssenarisi olduğunu iddia edir, amma mən belə düşünmürəm. Ən azından, Rusiya hakimiyyəti zəif silahlanan bir ordu korpusunun qarşısında bu qədər gücsüz olduğunu dünyaya nümayiş etdirmək istəməzdi. 2004-cü ildə verdiyi sözü geri götürməmək üçün Beslanda 300 nəfər Rusiya vətəndaşının xüsusi təyinatlılar tərəfindən məhv edilməsinə razı olan Putinin bu dəfə verdiyi sözü bir neçə saat sonra həzm etməsi düşündürücüdür.

Deməli, Putinin son qiyam zamanı geriyə addım atmasının əsl səbəbləri başqadır. Bura güc strukturlarının dövlətin təhlükəsizliyinin təmin edilməsində funksional vəzifələrini icra etməməsi, dövlət strukturlarının və mülki əhalinin qiyamçılara dəstək verməsi və s. aid edilə bilər. Ukraynadakı rus ordusunun uğursuzluğu da əhalinin, xüsusilə də don kazaklarının hakimiyyətə qarşı etirazlarının formalaşmasında əsas rol oynayır. Mahaçqala və Dərbənddə isə yerli əhali qiyam başlanan gün etirazlarını “Rusiyasız Dağıstan” şəklində divarlara yazdılar.

Görünür, ictimaiyyət Ukraynadakı uğursuzluqları, rus ordusundakı korrupsiya hallarını, Ukraynaya məxsus PUA-ların Rusiya ərazisində ay oynatması kimi ciddi boşluqları Putinə bağışlamaq istəmir. Digər tərəfdən, Rostovdakı hərbi strukturların sanki əvvəlcədən razılaşıbmış kimi Priqojinə dəstək vermələri Rusiya prezidentinin qərarına təsir etməyə bilməzdi. Digər ərazilərdə yerləşən hərbi strukturların “Vaqner”ə dəstək verəcəyi labüd idi, çünki Priqojin kriminal aləmin adamı olsa da, tabeliyindəki döyüşçülərə daim hörmətlə yanaşıb. Bu isə bütün ordularda komandirin avtoritetini təyin edən əsas amildir.

“Vaqner” ilə cəmi bir gün davam edən qarşıdurma zamanı Rusiya ordusunun məlum olan itkiləri bunlardır:
• 1 ədəd İl-22M və ya An-24/26 təyyarəsi;
• 1 ədəd Mi-8 nəqliyyat helikopteri;
• 3 ədəd Mi-8MTPR-1 REM helikopteri (ikisi məhv edilib, biri zədələnib);
• 1 ədəd Mi-35M hücum helikopteri;
• 1 ədəd Ka-52 "Alliqator" hücum helikopteri;
• 1 ədəd KamAZ-435029 "Patrul-A" (qənimət götürülüb);
• 1 ədəd "Tigr-M" piyada maşını (qənimət götürülüb).

Belə çıxır ki, Rusiya Priqojinin qarşısına çıxacaq yerüstü qüvvə tapılmayıb. Ona qarşı “söz atışmasında” çıxış edən yalnız Çeçenistan lideri Ramzan Kadırovun dəstəsi oldu. Kadırovun “orkestrinin” Rostov istiqamətində hərəkətə başladığını, lazımsız ərazilərdə blok-post yaratdıqlarını və bu barədə çəkdikləri klipləri gördük. Sonra məlum oldu ki, Kadırova aid qüvvələr tıxac səbəbindən Rostova vaxtında çata bilməyiblər. Çatanda isə Priqojin artıq şəhəri tərk etmişdi. Beləliklə, əvvəllər Rusiyanın Müdafiə Nazirliyini sərt tənqid edən Kadırov Putinə sadiq olduğunu, amma qoşunlarını da mənasız yerə ölümə vermək istəmədiyini göstərdi.

Putinin ətrafında olan imkanlı şəxslərin çoxunun təyyarələrlə Moskvanı tərk etməsi də faktdır. Heç kim Putinə görə sinəsini qabağa vermək istəmədi. Belə olan halda aşpazı ilə döyüş meydanında tək qalan Putin Priqojini dayandırmaq üçün güzəştlərə getməyə məcbur oldu. Amma güzəştlərin tam paketinin nədən ibarət olduğu hələ məlum deyil. Yaxın zamanda yəqin, bilinəcək.

Təbii ki, “dünyanın ikinci hərbi gücü” adını daşıyan Rusiyanın daxili təhlükəsizlik sistemində bu qədər boşluqlarun olması Kreml üçün yeni problemlər yaradacaq. Rusiya prezidentinin orduda və təhlükəsizlik sistemində ciddi islahatlar etməli olduğu şübhə doğurmur. Lakin bu islahatların nəyisə dəyişəcəyi real görünmür.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Putin   Priqojin   Vaqner  





Xəbər lenti