Artur Ağacanov: “Ermənistan və Azərbaycan təkbətək danışmalıdır” – Müsahibə

      Artur Ağacanov:    “Ermənistan və Azərbaycan təkbətək danışmalıdır” –    Müsahibə
  02 Avqust 2023    Oxunub:3148
Rəsmi İrəvan hər vəchlə Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası prosesinə mane olmağa çalışır. Ermənistanın hazırkı hakimiyyətini maraqlandıran heç də Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin rifahı deyil. Azərbaycan Qarabağ iqtisadi rayonuna böyük investisiyalar yatırıb; genişmiqyaslı təmir-tikinti işləri aparılır, məktəblər, uşaq bağçaları tikilir, müasir parklar salınır, yeni iş yerləri açılır. Bir sözlə, Qarabağ bölgəsinin bir hissəsi cənnətə çevrilir, digər hissəsi isə köhnə formasında qalmaqda davam edir, yaşayış səviyyəsi sürətlə aşağı düşür, yerli əhalinin işsizlik səbəbindən xaricə axını müşahidə olunur.
Bu cür davam edərsə, bir neçə ildən sonra Qarabağ bölgəsinin bir tərəfində rifah xeyli artsa da, digər tərəfində yoxsulluq hökm sürməkdə davam edəcək. Qarabağ erməniləri bunu anlayırlarmı?

Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov AzVision.az-a müsahibəsində bu və digər suallara aydınlıq gətirib.

- Şübhə etmirəm ki, Qarabağ erməniləri Azərbaycan pasportlarını aldıqdan və Azərbaycan cəmiyyətinə inteqrasiya etdikdən sonra bütün bölgə cənnətin bir parçasına çevriləcək. Buna 2017-ci ildə vətənim Azərbaycanda olanda əmin oldum! Mən tikilən evlər, məktəblər, idman kompleksləri, məscidlər, tibb müəssisələri gördüm. Qarabağ ermənilərinin bir hissəsi bunu dərk etməyə başlayıb və mən inanıram ki, onların sayı hər gün artmaqdadır. Digər hissəsi isə şəraitin və sözdə “hakimiyyət” orqanlarının təsiri altında bu reallığı anlaya bilmir və ya istəmir. Başqa bir hissə də var. Bu da tanınmamış “DQR”in indiki qeyri-legitim hakimiyyətdir,

- Aydındır ki, Qarabağ erməniləri indiki vəziyyətin girovuna çevriliblər. Bəs onlara necə izah etmək olar ki, Azərbaycanın tərkibində daha yaxşı yaşayacaqlar - rifahları yüksələcək, məşğulluq problemi həll olunacaq? Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinin reinteqrasiyası prosesini düzgün, ağrısız həyata keçirmək üçün nə etməlidir?
- Onlar indiki durumun girovudurlar. Onlar təcrid vəziyyətindədirlər. Xankəndidəki tanınmamış müvəqqəti hökumət həm özü, həm də bəlkə də kənar qüvvələrin təsiri altında rəsmi Bakı ilə heç bir əlaqə saxlamır. Səhv etmirəmsə, martda bir görüş oldu, amma sonra hər şey dayandı. Fikrimcə, Azərbaycan hakimiyyətinin Qarabağ ermənilərinin reinteqrasiyası prosesini düzgün, ağrısız həyata keçirməsi üçün əcdadları Qarabağdan olan Bakı ermənilərini də işə cəlb etmək lazımdır. Gələcəkdə Qarabağ iqtisadi zonasında erməni icmasına rəhbərlik edə biləcək savadlı, təşəbbüskar, ictimai xadimlərdən ibarət komanda yaradılmalıdır.

- Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar getsə də, bu məsələdə hələ irəliləyiş yoxdur. Ermənistan cəmiyyəti azərbaycanlılarla sülh arzulayır, yoxsa qisas ümidi ilə münaqişəni davam etdirmək istəyir?
- Müxtəlif yerlərdə - Rusiyada və ABŞ-da danışıqlar gedir. Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçılarının altı görüşü keçirilib. Orada mühüm məsələlər müzakirə olunub. Əsas mövzulardan biri Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır. Hələ konkret nəticələr görmürük, amma ümid edirik ki, olacaq. Bəlkə də bu ölkələr öz səylərini xeyli əvvəl birləşdirərək, münaqişə tərəflərindən birinə təsir etməli idilər. İşğal olunmuş torpaqlar sülh yolu ilə verilsəydi, hər şey başqa cür olardı. Hər iki tərəfdən itki olmazdı, danışıqlar tamam başqa cür gedərdi. Ermənistan cəmiyyətinin əksər hissəsi Azərbaycan xalqı ilə sülh istəyir.

- ABŞ ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə davam edir. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra amerikalılar danışıqlar prosesində fəal iştirak edirlər. Siz ABŞ-ın, ya Rusiyanın, ya da Avropa Birliyinin vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağına inanırsınızmı? Bu tərəflərdən hər hansı biri həqiqətən də Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdırmı?
- Bu ölkələr arasında geosiyasi mübarizə gedir və təəssüf ki, dünyanın onların maraqlarına toxunulan istənilən yerində davam edəcək. Kaş ki, bu sülh müqaviləsi artıq imzalanmış olaydı. Məndə belə təəssürat yaranıb ki, vasitəçi ölkələr kimin bunu tez bacara biləcəyi uğrunda yarışırlar. Onların hansının Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olduğunu söyləməkdə çətinlik çəkirəm. Mən belə hesab edirəm ki, Ermənistan və Azərbaycan özləri təkbətək danışıqlar aparmalıdırlar.

- Qarabağ ermənilərinə Laçın yolu əvəzinə Ağdam-Xankəndi yolunun təklif edilməsini onların Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası istiqamətində addımlardan biri saymaq olarmı?..
- İstənilən halda, keçid məntəqəsi istər Laçında olsun, istərsə də Ağdamda, Azərbaycan tərəfi ilə əlaqədir. Bəli, bu, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası istiqamətində ilk addımdır. Tərəflər arasında ünsiyyətdir. Tanınmamış “DQR” hakimiyyətinin qorxduğu və istəmədiyi də budur.

Seymur Məmmədov
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti