Erməni militarizminin "payız qızdırması" – Ədalət Verdiyevin şərhi

   Erməni militarizminin "payız qızdırması" –    Ədalət Verdiyevin şərhi
  02 Sentyabr 2023    Oxunub:3455
Sentyabrın ilk günündə Ermənistanın növbəti dəfə hərbi təxribata əl atması bir daha sübut etdi ki, İrəvan birgə Bəyanatın şərtlərini kobudcasına pozur və sülh danışıqlarında görüntü xətrinə iştirak edir. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyəti də yoxdur.
Ermənistanın siyasi rəhbərliyinin destruktiv davranışları fonunda erməni silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələrinin Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə etməklə növbəti dəfə atəş açması əslində sürpriz deyildi. Sentyabrda düşmənin təxribatlara əl atacağı gözlənilirdi. Təxribatların nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu yaralandı və düşmənə qətiyyətli cavab vermək zərurəti yarandı. Cavab zərbəsi nəticəsində düşmənin iki mövqeyi darmadağın edildi və ümumilikdə 10-a qədər şəxsi heyəti zərərsizləşdirildi. Ermənistanın müdafiə nazirliyi sentyabrın 1-də məhv edilən şəxsi heyətinin adlarını qismən açıqlayıb:
• Andranik Arşakoviç Antonyan
• Arsen Aleksandroviç Mkrtçyan
• Vaçaqan Saro Vardanyan
• Narek Karenoviç Poqosyan

Zod istiqamətində məhv edilənlərin arasında iki nəfər diqqətimi xüsusilə cəlb etdi. 36 yaşlı Andranik Arşakoviç Antonyan və 37 yaşlı Arsen Aleksandroviç Mkrtçyan “25 günlük hərbi təlim” adı ilə erməni ordusuna çağırılmışdılar. Yerablurun hər iki yeni və daimi “sakini” cəmi 13 gün əvvəl Zod istiqamətindəki döyüş mövqeyinə çıxarılmışdı.

Məhv edilən 3-cü erməni əsgəri Vaçaqan Saro Vardanyan isə müddətli hərbi qulluqçu idi və cəmi 8 ay əvvəl hərbi xidmətə çağırılmışdı.
Ermənistanın müdafiə nazirliyi ilkin məlumatda Narek Karenoviç Poqosyanın öldüyünü bildirsə də, sonradan özü-özünü təkzib etdi.

Erməni ordusunda sentyabrın 1-də cəmi bir nəfər yaralı barədə rəsmi məlumat verilib, böyük ehtimalla onun vəziyyəti ağırdır və hər an dünyasını dəyişmək şansı var, çünki Ermənistanın müdafiə nazirliyi adətən yüngül yaralılar barədə məlumat vermir.

Məhv edilən 37 yaşlı Arsen Aleksandroviç Mkrtçyanın və 36 yaşlı Andranik Arşakoviç Antonyanın hərbi xidmətə “25 günlük toplanış” adı ilə cəlb edilməsi bir daha göstərir ki, Ermənistan bu təxribatlara əvvəlcədən hazırlaşıb və ərazidə yerləşən bölmələrini “toplanış” adı ilə gücləndirib. Döyüşdən bir neçə həftə əvvəl erməni tərəfinin bu istiqamətdə atəşkəsi intensiv şəkildə pozması Azərbaycan Ordusunun mövqelərdə yerləşdirdiyi heyət və silahlar barədə məlumatlar əldə etmək məqsədi güdürdü. Rusların nəzarətində olan ərazilərdən Azərbaycan səmasında uçan mülki təyyarələrə qarşı radioelektron hücumlar da müəyyən fasilələrlə bu günə qədər davam edir.
Düşmənin bu əraziyə şəxsi heyət, texnika və artilleriya vasitələrini daşıması ilə paralel olaraq, Azərbaycanı eskalasiya yaratmaqda və mülki əhaliyə atəş açmaqda günahlandırması Ermənistanın təxribatlara ən azı bir ay əvvəldən hazırlaşdığını göstərir. Biz ən azından son 7 ildə Ermənistanın sırf bu ssenari üzrə fəaliyyət göstərdiyini müşahidə edirik.
Ermənistana məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib

Normal ölkələrin, o cümlədən, Gürcüstan və Azərbaycanın qanunlarına görə ehtiyatda olaraq sıravi və çavuş rütbəsi daşıyanlar 35 yaşdan sonra toplanış və səfərbərliyə cəlb edilmirlər. Yaşı 35-ə qədər olan şəxslər üç ildə bir dəfədən çox hərbi toplanışlara cəlb edilə bilməzlər. Eyni zamanda, vətəndaşın ehtiyatda olduğu bütün müddət ərzində cəlb edildiyi hərbi hazırlığın ümumi müddəti də 12 aydan çox olmamalıdır.
Dünyanın heç bir yerində ehtiyatdan hərbi toplanışa (səfərbərlik və qismən səfərbərlik ilə hərbi toplanışı qarışıq salmayaq) çağırılan şəxsi heyət döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb oluna, fövqəladə vəziyyətin tətbiqi zamanı və silahlı münaqişələr şəraitində fəaliyyət göstərə bilməzlər. Həmçinin onlara silah və ya texnika təhkim edilmir, yalnız təlim zamanı müvəqqəti istifadə üçün verilir. Bu heyətə qarşı intizam tənbehi də tətbiq edilmir və s.
Lakin son təxribatların itkiləri göstərdi ki, Ermənistanda Müharibə itkilərinin çoxluğunu, əhalinin orduda xidmət etmək istəmədiyini nəzərə alaraq, bütün ehtiyatda olan kateqoriyalar üzrə toplanış və səfərbərlik üçün yaş həddini 5-10 il arasında artırıblar. Nəticədə anormal vəziyyət yaranıb:
• Yaşı 35-dən çox olan vətəndaşlar hərbi toplanışlara cəlb edilir;
• Eyni kateqoriya hər il hərbi toplanışlara çağırılır (əslində üç ildə bir dəfə olmalıdır);
• Erməni vətəndaşın ehtiyatda olduğu müddətdəki hərbi hazırlığın ümumi müddəti digər ölkələrdən azı 5 dəfə çoxdur, yəni 60 aya bərabərdir.


Sadalananlar bir daha sübut edir ki, Ermənistan işğalçı dövlət olaraq region və Avropa ölkələrinin çoxdan imtina etdiyi militarist ideyaları “Hərbi Toplanışlar Haqqında Qanun” adı altında leqallaşdıraraq, qonşuları üçün təhdidlər yaratmağa cəhd edir. Buna baxmayaraq, Hindistan, İran və Fransa kimi öz sərhədləri daxilində sabitliyi təmin edə bilməyən ölkələr Ermənistanın militarist rejiminə hər cür dəstək verməyə çalışırlar. Azərbaycana qarşı tam düşmənçilik siyasəti aparan Fransa həqiqətən ərzaq qıtlığından əziyyət çəkən ölkələrə humanitar yardım göstərmək istəyirsə, Ermənistanın “humanitar yardım” adlı məzhəkəsində “qısır kloun” rolunu oynamaqdansa, onilliklər boyu əsarətdə saxlayaraq iliyini sümürdüyü Əlcəzair, Mərakeş, Tunis, Madaqaskar, Somali, Kamboca, Laos, Mali, Burkina-Faso və Nigerdən başlasın. Parisin adı çəkilən bu ölkələr qarşısında günah və cinayətləri saydıqca bitməz. Odur ki, “humanitar yardım” etməli olduğu ölkələrin siyahısında birinci yerdə Ermənistan yox, Əlcəzair dayanır. Makron humanistdirsə, Fransanın törətdiyi soyqırımı və digər ağır müharibə cinayətlərinə görə Əlcəzair xalqından üzr istəsin, qətlə yetirdikləri əhalinin yaxınlarına kompensasiya ödəsin və ehtiyacı olanlara da humanitar yardım versin. Əks halda Fransa İrəvanın törətdiyi təxribatların sifarişçisi kimi görünür.

Əgər Ermənistan şərti sərhəddə və rus kontingentinin müvəqqəti məsuliyyət zonasında təxribatlarına son qoymasa, Azərbaycan Ordusu düşmənin cəzalandırılması istiqamətində bütün lazımi tədbirləri daha sərt şəkildə həyata keçirməli olacaq. Buna nə İrəvan, nə Paris, nə də digərləri mane ola biləcəklər.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:   Ermənistan   Təxribat  





Xəbər lenti