2023-cü il ən isti il olacaq

   2023-cü il ən isti il olacaq
  09 Noyabr 2023    Oxunub:1995
2023-cü ilin oktyabr ayı bütün müşahidələr dövründə ən isti, eləcə də rekord yüksək temperaturu olan ardıcıl beşinci ay olub. 2023-cü il isə çox güman ki, ən isti il olacaq.
AzVision.az
xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatında qeyd edilib.

Oktyabr ayındakı temperatur 1991-2020–ci illərin orta göstəricisini 0,85 dərəcə Selsi, əvvəlki oktyabr rekordunu isə 0,4 dərəcə Selsi üstələyib.

Bu ilin yanvar-oktyabr aylarında orta qlobal temperatur bütün müşahidələr dövründə ən yüksək olub: 1850-1900-cü illərin orta göstəricisindən 1,43 dərəcə Selsi və 2016-cı ilin analoji dövrü ilə müqayisədə 0,1 dərəcə Selsi daha yüksəkdir.

Oktyabr ayında Antarktidadakı dəniz buz sahəsi ardıcıl altıncı ay ərzində ən aşağı səviyyədə qalıb, 60 dərəcə cənub enliyi ilə 60 dərəcə şimal enliyi arasındakı dəniz səthinin orta temperaturu bütün müşahidələr dövründə oktyabr ayı üçün ən yüksək olub.

Eyni zamanda, El-Ninyo fenomeni Sakit okeanın ekvatorial hissəsində inkişaf etməyə davam edir və ən azı 2024-cü ilin aprel ayına qədər davam edəcək.

“El-Ninyonun qlobal temperatura təsiri adətən onun inkişaf etdiyidən bir il sonra, bu halda 2024-cü ildə özünü göstərir. Lakin, iyun ayından etibarən quruda və okean səthində temperaturun rekord dərəcədə artması nəticəsində 2023-cü il müşahidələr dövrünün ən isti ili ola bilər”, - deyə ÜMT-nin baş katibi professor Petteri Taalas şərh edib.

“Gələn il daha isti ola bilər. Bu, insan fəaliyyəti nəticəsində yaranan istilik saxlayan istixana qazlarının artan konsentrasiyalarının təsiri ilə aydın və birmənalı şəkildə izah olunur”, - deyə o, əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti