Davosda Ukraynanın “Sülh formulu” müzakirə olunub

   Davosda Ukraynanın    “Sülh formulu”    müzakirə olunub
  15 Yanvar 2024    Oxunub:1172
İsveçrənin Davos şəhərində Ukrayna üzrə sülh sammitində 81 ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Sayca dördüncü olan bu tədbirdə milli təhlükəsizlik üzrə müşavirlər rəsmi Kiyevin təklif etdiyi “Sülh formulu” ətrafında növbəti müzakirələr aparıblar.
AzVision.az Ukrayna mediasının yaydığı məlumata istinadən xəbər verir ki, sammitdə Avropanın 39, Asiyanın 18, Afrikanın 12, Cənubi Amerikanın 6, Şimali Amerikanın 3 və Okeanianın 2 ölkəsi təmsil olunub.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak “Sülh formulu” üzrə birgə fəaliyyət planı üzərində işlərə qoşulan ölkələrin sayının daim artmasını “yaxşı əlamət” kimi qiymətləndirib. Bu müstəvidə Qlobal Cənub ölkələrinin sayının getdikcə daha çox artması xüsusi əhəmiyyət kəsb edir.

Rusiyanın Ukrayna şəhərlərinə qarşı son hücumlarının, mülki əhalinin tələfatı və mülki infrastrukturun dağılması ilə nəticələndiyini bildirən Andrey Yermak, atəşkəsin müharibənin sonu olmayacağını, ancaq Rusiyaya fasilə vermək və güc toplamaq imkanı verəcəyini vurğulayıb.

“Ukraynanın can atdığı sülh onun sağ qalmasına, bütövlüyünə, suverenliyinə və inkişaf imkanlarına zəmanət verməlidir”, - Ukrayna prezidentinin ofisinin rəhbəri deyib.

İsveçrənin xarici işlər naziri İnyatsio Kassis isə Ukraynada müharibənin dayanması üçün Rusiyanın bu və ya digər şəkildə sülh danışıqlarında iştirak etməli olduğunu bəryan edib.

“Rusiyanı bu və ya digər şəkildə cəlb etmək üçün addım atmaq lazımdır. Rusiyasız sülh olmayacaq və Ukraynanın sülh planı Moskva ilə münaqişəyə son qoymaq üçün təməldir”, - İsveçrənin xarici işlər naziri bildirib.

Lakin Kassisin fikrincə, hazırda hərbi vəziyyətdə Kiyev və Moskva arasında dialoqun baştutmasına imkan verməyəcəyi halda belə beynəlxalq ictimaiyyət irəli getməlidir.

- Gözlədiyimiz hər gündə onlarla mülki şəxs öldürülür. Bizim gözləməyə haqqımız yoxdur. Biz vəziyyətin sülh danışıqlarını aparmağa imkan verdiyi vaxta hazır olmalıyıq”, - Kassis deyib.

Qeyd edək ki, Davos tədbirində Ukraynanın “Sülh formulu”nun ilk beş bəndinə baxılıb: nüvə təhlükəsizliyi; ərzaq təhlükəsizliyi və enerji təhlükəsizliyi; məhbusların və deportasiya edilmiş şəxslərin, o cümlədən uşaqların azad edilməsi; Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpası.

Eyniz zamanda, Davosda daha beş bəndin işlənməsi üzərində iş aparılıb: Rusiya qoşunlarının Ukraynadan çıxarılması; ədalətin bərpası; ekoloji təhlükəsizlik; müharibənin genişlənməsinin və təkrarlanmasının qarşısının alınması; müharibənin başa çatmasının təsdiqi.

Milli təhlükəsizlik müşavirləri, habelə, qlobal Sülh sammitinin formatı ilə bağlı razılığa gəlməyi planlaşdırırlar.
Sahil İsgəndərov
AzVision.az




Teqlər: Davos   sülh  





Xəbər lenti