Rusiya Belçikadan dondurulmuş aktivlərinin əvəzini tələb edib

   Rusiya Belçikadan dondurulmuş aktivlərinin əvəzini tələb edib
  18 Yanvar 2024    Oxunub:1246
Belçika mətbuatı Rusiyanın Brüssel qarşısında dondurulmuş aktivlərinin kompensasiya etməsi tələbini qoyduğunu yazıb.
AzVision.az Belçikanın “La Libre” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, bu yaxınlarda Belçika xəzinədarlığı Rusiyadan 1989-cu ildə bağlanmış müqavilə əsasında dondurulmuş aktivlərin qaytarılmasını tələb edən bildiriş alıb.

1989-cu ilin fevralında Belçika, Lüksemburq və SSRİ arasında bağlanmış həmin müqavilə sərmayələrin qarşılıqlı qorunmasını və təşviqini nəzərdə tutur. Müqavilənin 5-ci maddəsində aydın şəkildə göstərilir ki, investisiyalar qanunla müəyyən edilmiş qaydada ictimai maraqlar naminə həyata keçirilmədikdə və ayrı-seçkilik yaratmadıqda, özgəninkiləşdirməyə, milliləşdirməyə və ya oxşar nəticələri olan digər tədbirlərə məruz qalmamalıdır. Sənəddə, həmçinin, müqaviləni pozan tərəfin kompensasiya ödəmək öhdəliyi də ehtiva olunub.

Nəşrin yazdığına görə, vəsaitlərin dondurulması ilə bağlı müraciətlərin konkret kimdən alındığı açıqlanmayıb. Amma Rusiyanın təzminat tələb etmək niyyəti ilə bağlı bu məlumatın Belçika siyasətçilərində hiddət dopğurduğu vurğulanır. Bununla belə, Rusiyanın Brüsseldən tələbi barədə heç bir rəsmi məlumat yoxdur.

Onu da qeyd edək ki, Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin əksəriyyəti məhz Belçikadadır. Belə ki, bu ölkədə Rusiyanın 66 milyard dollar vəsaiti, həmçinin 190 milyard dollarlıq əməliyyatları dondurulub. Bunun başlıca səbəbi isə, Rusiyanın dondurulmuş aktivlərinin əksər hissəsinin cəmləşdiyi “Euroclear” depozitarisinin məhz Belçikada yerləşməsidir.

Hazırda Qərb mətbuatında Rusiyanın aktivlərinin müsadirə olunması barədə çoxlu yazılar dərc edilsə də, bu məsələ ilə bağlı rəsmi məlumat çox deyil. Mövcud olan məlumatlar isə müsadirənin ciddi hüquqi maneələrlə üzləşə biləcəyi barədə şərhlərlə müşayiət olunur.

Zelenski: "300 milyard dolları bizə göndərin"
Yeri gəlmişkən, Davos İqtisadi Forumunda çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski də Qərb ölkələrində dondurulmuş Rusiyaya məxsus 300 milyard dollardan çox vəsaitin ölkəsinə bağışlanmasını tələb edib.

Əksər analitiklərin fikrincə, bu məsələdə çox şeyi məhz Vaşinqtonun mövqeyi və onun nə dərəcədə israrlı olması həll edəcək.

Maraqldır ki, Avropa ilə müqayisədə ABŞ-nin özündə Rusiya aktivlərinin kiçik bir hissəsi dondurulub. Beləliklə, Rusiyaya məxsus vəsaitlərin mənimsəniləcəyi halda imic rüsvayçılığı və iqtisadi zərbə məhz Avropa İttifaqı ölkələrinə dəyəcək. Bu həqiqəti çox yaxşı anladıqlarına görə, hətta ən sərt anti-Rusiya mövqeyi tutan Avropa ölkələri belə bu məsələdə həddindən artıq fəallıq nümayiş etdirməyə həvəs göstərmirlər.
Sahil İsgəndərov
AzVision.az


Teqlər:  





Xəbər lenti