Netanyahu: "Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəm"

    Netanyahu: "Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəm"
  21 Yanvar 2024    Oxunub:1351
"Qəzza zolağındakı hərbi əməliyyatın nəticələrindən sonra İsrail onun demilitarizasiyasına nail olmaq və anklavda təhlükəsizliyə tam nəzarəti saxlamaq niyyətindədir. İordan çayının qərbindəki ərazilər də İsrailin nəzarəti altında qalmalıdır".
AzVision.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Baş nazir ofisinin yaydığı videomüraciətdə Fələstinin radikal HƏMAS hərəkatının bütün israilli girovların azad edilməsi müqabilində Qəzzada döyüşləri dayandırmaq və qoşunları geri çəkmək tələbini rədd edib.

O, İsrailin hərbi əməliyyatını “tam qələbəyə” çatdırmaq niyyətində olduğunu vurğulayıb.

“Ona görə də mən təkid edirəm: biz tam qələbə qazandıqdan və HƏMAS-ı məhv etdikdən sonra Qəzzada terroru maliyyələşdirən, terroru öyrədən və ya terrorçu göndərən heç bir struktur olmayacaq”, - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Qəzza demilitarizasiya edilməli və İsrailin tam təhlükəsizlik nəzarəti altına alınmalıdır.

"Mən İordan çayının qərbindəki bütün ərazidə İsrailin tam təhlükəsizlik nəzarətində güzəştə getməyəcəyəm. İsrailin baş naziri kimi mən güclü beynəlxalq və daxili təzyiq qarşısında bu mövqeyi qətiyyətlə müdafiə etdim".

Baş nazir “uzun illər İsrail üçün ekzistensial təhlükə yarada biləcək Fələstin dövlətinin yaradılmasının qarşısının alınması” məsələsində onun təkidli olması fikrini ifadə edib.

"Nə qədər ki, mən baş nazir olaraq qalıram, bu məsələdə qəti şəkildə israr etməyə davam edəcəyəm. Kiminsə fərqli mövqeyi varsa, liderlik nümayiş etdirməli və İsrail vətəndaşlarına açıq şəkildə mövqeyini bildirməlidir", - Netanyahu yekunlaşdırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti