Erməni cəmiyyəti separatçıları lağa qoyur

   Erməni cəmiyyəti separatçıları lağa qoyur
  22 Yanvar 2024    Oxunub:1185
Xəbər verdiyimiz kimi dünən Bakıda həbsdə olan erməni separatçıların istintaq təcridxanasından yeni fotoları yayılıb.
Görüntülər sosial şəbəkələrdə paylaşıldı və fotolardan onların yaradılan şəraitdən məmnun olduqları görünür.

Arayikgilin həbsxanadan yeni görüntüləri - FOTOLAR
Separatçıların fotoları sosial şəbəkələrin erməni seqmentində də geniş yayılıb. Hətta yerli media ermənilərin belə, xunta rejiminin başkəsənlərinin dəmir barmaqlılar arasında yaşamasına sevindiyini yazıb.

Məsələn, siyasi fəal, Qaqik Arutyunyan "Mamul"da dərc olunan məqalədə deyib ki, keçmiş qondarma rejimin Bakıdakı həbsxanada cəza çəkən "yorğun" prezidentləri və "əsgərləri"ni görəndə qəlbi sızlayıb: "Lakin ermənilərin bu fotoşəkillərə necə güldüyünü görəndə daha dərindən ağrı hiss etdim. Bu insanları sevib-sevməməyimizin fərqi yoxdur, onlar "Artsax"ın (Keçmiş qondarma rejimə verdikləri ad-red.) rəmzləri sayılırlar axı. Həmin fotodakı şəxslər rejimin simalarıdırlar. Üstəlik, onların arasında "ordu"nun yaradılmasının başlanğıcında dayanan insanlar da var.

Ancaq narahat olmağa dəyməz. Çünki Ermənistanda heç kim özünün ailəsi ilə eyni vəziyyətdə qalmayacağından, növbəti belə cəza çəkən şəxs olmayacağından sığortalanmayıb".

Erməni jurnalist Boris Murazi də məlum fotolardan danışıb. O, separatçılarla tez-tez siyasi qalmaqallar yaşamış xunta rejiminin Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayana söz atıb: “Görəsən Samo Babayan dünənki fotoları görəndən sonra özünü necə hiss edir. O, hələ bir neçə ay əvvəl istehza ilə Xankəndi "rəhbərlərinin" həbsindən danışmışdı. Onlar pis-yaxşı Babayanın silahdaşları, həmvətənlərimiz idilər axı”.

Araşdırmaçı jurnalist Oskan Sarkisyan isə separatçılara İrəvanda da məhbəs həyatı yaşamaqlarını arzulayıb.



“Bir şeyi anlaya bilmirəm, Arayik Arutyunyan və Bako Saakyan Bakı həbsxanasında niyə gülürlər? Əlbəttə onların Bakıda həbsxanaya düşməsini istəməzdim. Başqaları kimi onlara heyran da deyiləm. Bu adamlara heç rəğbət də bəsləmirəm. Ancaq istərdim ki, onlar Ermənistanın növbəti hökumətinin nəzarəti altında İrəvanda mühakimə olunsunlar. Qoy kimlərlə əməkdaşlıq edib, kimin göstərişi ilə, Xankəndidən niyə imtina etdiklərini də desinlər”,- o yazıb.

Siyasətçi Akop Karapetyan da mövzu ilə bağlı danışıb. O, Paşinyan hakimiyyətinə yaxınlığı ilə seçilən Roman Baqdasaryana söz atıb. O, Baqdasaryanın separatçıların həbsxana fotolarını sevinclə paylaşmasını qınayaraq deyib: “Bu, özünü Ermənistanın hazırki hakimiyyətinin tərəfdarı kimi təqdim edən və demək olar ki, bütün paylaşımlarını hakim partiyanın, Paşinyanın fəaliyyətinin müsbət yöndən işıqlandırılmasına həsr edən bloger Roman Baqdasaryanın statusudur.

Bu gün təbliğat maşınları həbsxana fotolarını yayır, erməni ictimaiyyətində qıcıqdoğuran müxtəlif hisslər oyatmağa çalışırlar. Bu hisslərin arasında ağrı və təəssüfdən tutmuş qəzəbə qədər var. Bu təbliğat mənim qəbuledilməzdir. Bəzi sadəlövhlər isə yazırlar ki, “baxın, onlar türmədə belə yaxşı yaşayırlar”. Düşünürəm ki, bu paylaşımdan sonra bloger Roman Baqdasaryanın əsl xarakteri çox aşkar görünəcək. Artıq onun dezinformasiyaları da necə yaratdığını təxmin edə biləcəksiniz. Şükür ki, onun məlum statusunu bəyənənlər arasında dostlarımdan heç kim olmayıb”.

Xatırladaq ki, ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Ermənistan   Həbsxana  





Xəbər lenti