Nikola qarşı yeni mübarizə başlayır - Əsgər valideynləri təşkilatlanırlar

      Nikola qarşı yeni mübarizə başlayır    - Əsgər valideynləri təşkilatlanırlar
  24 Yanvar 2024    Oxunub:1305
Ermənistanda İkinci Qarabağ müharibəsində məhv edilmiş hərbçilərlə bağlı qalmaqallar hələ də qalmaqdadır. Öldürülən hərbçilərin yaxınları artıq 4 ildir ki, hər il müxtəlif səbəblərdən etiraz tədbirləri təşkil edirlər.
Valideynlərin yaratdıqları "Oğulların çağırışı" adlı təşkilat bu gün növbəti dəfə etiraz bəyanatı yayıb. Qalmaqallı “21 sentyabr” işinə həsr olunmuş bəyanatda qeyd edilir ki, valideynlər Ermənistanın daxili işlər naziri Vahe Qazaryanla görüşməyəcəklər.

"Biz Vahe Qazaryanın da təmsil olunduğu hazırkı hökumətdən gələn hər hansı təklifi rədd edirik", - etiraz sənədində yazılıb.

O da qeyd olunur ki, “21 sentyabr” işi bağlansa da, heç bir polis məmuru məsuliyyətə cəlb olunmayıb.

Valideynlər bir qədər də uzağa gedərək siyasi fikirlər də səsləndiriblər. Onlar hazırkı rejimi Ermənistan ərazilərini itirməkdə ittiham ediblər. Bundan başqa, valideynlər guya hansısa yeni "erməni soyqırımı"nın baş verməsindən söz açıb, iqtidarı 15 hərbçinin kazarmada diri-diri yandırılmasında da günahkar sayıblar.

İrəvanda əsgər valideynləri ilə polis toqquşdu - VİDEO
“Oğulların çağırışı” anti-xalq hökumətinə qarşı mübarizə aparacağı və təşkilatın hazırki rejimdən tez bir zamanda qurtulmaq üçün hər şeyi edəcəyinə söz verib.

Məsələyə Ermənistan Milli Assambleyasının “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan da reaksiya verib. O, "Mamul"a açıqlamasında deyib ki, "Sentyabrın 21-də Yerablurda polis zorakılığına məruz qalan valideynlərlə bağlı işin bağlanması anormallıqdır".

- İnsidentdə iştirak edənlərin əksəriyyəti "Oğulların çağırışı” ictimai təşkilatının üzvləridir. Ölən hərbçilərin valideynlərinin zorakılıqla rastlaşdığı bu əməliyyatA məsul şəxslər də cəzasız qalıb. İş bağlandı, amma yaddaş və tarixi dayandıra bilməzlər. Bu rüsvayçılığa görə məsuliyyət daşıyanlar əbədi olaraq tarixin zibilliyinə gedəcəklər, - o qeyd edib.

Deputat bu olayın orduda xidmət aparanların ruh yüksəkliyinə, silahlı qüvvələrin döyüş effektivliyinə ən böyük zərbə adlandırıb: "Daxili işlər naziri vəhşiliklərə məruz qalan valideynlərlə görüşməyə çalışdı. Bəlkə də əmri o deyil, Nikol vermişdi. Təbii ki, valideynlər bu görüşdən imtina etməli idilər. Silahlı Qüvvələrin yaranmasının ildönümü ərəfəsində bu həm də orduya bir siqnal olmuşdu ki, onların arxasında dövlət dayanmır".

Qeyd edək ki, “21 sentyabr” işi erməni cəmiyyətində ən çox narazılıq doğurmuş bir insidentlə bağlıdır. Söhbət bir neçə il öncə Yerablur panteonunda baş vermiş toqquşmadan gedir. Ölən əsgərlərin yaxınları Ermənistanın baş naziri Nikol Paşinyanın Yerablur panteonuna girməsinə imkan verməmək üçün gecədən qəbiristanlığın ərazisinə toplaşmışdılar. Səhərə yaxın əraziyə xeyli sayda polis qüvvələri cəlb edildi. Etirazçılar zorla maşınlara mindirilərək polis bölmələrinə aparıldılar. Polislərin valideynlərə fiziki güc tətbiq edərək onları sürüməsi, müxtəlif zorakı tədbirlərə əl atması cəmiyyətdə narazılıqla qarşılandı. Təhlükəsizlik qüvvələrinə qarşı cinayət işi açılsa da, 2023-cü ilin mayında işə xitam verildi.

Bir müddət öncə isə Ermənistanın daxili işlər naziri Vahe Qazaryan xiyabanda yaşanmış insidentdən danışarkən məsələyə üstüörtülü yanaşmışdı. O, baş verənlərdən sadəcə təəssüfləndiyini bildirib. Kazaryan həmin gün toqquşma baş verən ərazidə olmuş valideynlərlə görüşmək niyyətində olduğunu açıqlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Valideyn   Etiraz   Polis  





Xəbər lenti