Erməni lobbisi Türkiyəyə "F-16" satışının əleyhinədir

   Erməni lobbisi Türkiyəyə "F-16" satışının əleyhinədir
  26 Yanvar 2024    Oxunub:956
ABŞ-dəki erməni, yunan, kürd və hindu lobbiləri Türkiyəyə "F-16" hərbi təyyarələrinin satışına etiraz bildiriblər.
AzVision.az xəbər verir ki, "Türkiyə üçün hərbi təyyarələrə etiraz Koalisiyası" (#NoJetsForTurkey ) adlandırılan lobbi qrupu ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatın xarici əlaqələr komitələrinə məktub ünvanlayaraq, Türkiyəyə satışın nəzərdən keçirilməsi təklifini irəli sürüb.

Sözügedən məktubu Yunan-Amerikan Liderlik Şurası, Kürdüstanın Amerikalı Dostları, Amerika Erməni Milli Komitəsi, Hindu Amerika Fondu, Xristianların Müdafiə Təşkilatı və Yaxın Şərq Forumu imzalayıb.

"Türkiyəyə "F-16" hərbi təyyarələrinin satışının qarşısı alınmalı, yaxud ən azından, proses ciddi nəzarətdə saxlanılmalı, bu təyyarələrdən istifadə ilə bağlı cavabdehlik mexanizmi yaradılmalıdır. Türkiyəyə silah ötürülməsi insan haqlarının pozulmasına və mümkün münaqişənin başlamasına gətirib çıxaracaq. Unutmayaq ki, Türkiyə bir vaxt amerikan "F-16"ları ilə Suriyadakı kürd tərəfdaşlarımızı bombalayıb, Yunanıstanın hava məkanını pozaraq suverenliyini təhlükə altına atıb, habelə bu təyyarələri Dağlıq Qarabağa hücum üçün Azərbaycana verib" , - məktubda deyilir.

Xatırladaq ki, dünən prezident Co Bayden İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyən Türkiyəyə "F-16" satışı üzrə prosesin başladılması ilə bağlı Konqresə çağırış göndərib. Konqres 15 gün ərzində məsələ barədə müəyyən qərar çıxarmalıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   F16  





Xəbər lenti