İsrail Livanla sərhəddə döyüşə hazırlaşır

   İsrail Livanla sərhəddə döyüşə hazırlaşır
  30 Yanvar 2024    Oxunub:790
İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin Livanla sərhəddə hərbi əməliyyata hazırlaşdığını bildirib. Bu barədə “The Times of Israel” məlumat yayıb.
Qalantin sözlərinə görə, hərbi personal və texnika İsrailin şimalına, Livan-İsrail sərhədinə köçürülüb. Nazir əmin edib ki, yaxın vaxtlarda hərbi əməliyyatlar başlayacaq.

Həmçinin İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Telegram kanalına bildirib ki, Livanın Hizbullah qruplaşmasının mövqelərinə hədəfli zərbələr endirilib.

Yanvarın 15-də Qalant xalqa müraciətində bildirib ki, ölkənin müdafiə ordusu (IDF) Qəzza zolağının şimalında aktiv döyüş əməliyyatları mərhələsini başa vurub və yaxın vaxtlarda Fələstin anklavının cənubunda intensiv döyüşləri dayandırmaq niyyətindədir. Nazir həmçinin Qəzza zolağının İsraili təhdid etməyən qüvvələrə əsaslanan Fələstin hökuməti tərəfindən idarə edilməli olduğu fikrini də ifadə edib.

Ötən ilin oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti