Buta da şahiddir ki...

// Qədim dinimizin Azərbaycan ərazisində heç bir izi qalmayıb

   Buta da şahiddir ki...
  20 Mart 2024    Oxunub:2182
Azərbaycanın yerləşdiyi bölgədə yaşayan əhalinin əksəriyyəti İslamdan qabaq atəşpərəstlik dininə sitayiş edib. Xüsusilə cənub bölgəsində atəşpərəstlik geniş yayılmışdı. Atəşpərəstlik kainatın dörd əsas ünsürdən — torpaq, hava, su və oddan ibarət olduğunu qəbul edir. Bunlardan Od müqəddəs sayıldığı üçün ona sitayiş olunur. Odun hər cür çirkinliyi, günahı yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inanılır. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələrinin olduğunu göstərir.
Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələrin olması barədə müxtəlif fikirlər var. Onların qalıqları günümüzə gəlib çatmayıb. Suraxanıdakı Atəşgah məbədini Hindistandan gəlib, Rusiyaya gedən zəvvarlar 18-ci əsrdə tikiblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstututunun “Qədim dövr tarixi” şöbəsinin müdiri, Tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev AzVision.az -a bildirib ki, atəşpərsət inancının günümüzə qədər gəlib çatan izləri Surxanadakı Atəşgah məbədi, cənubdakı bəzi qəbirlər, Novruz bayramı adətləri və Buta simvoludur.


O bildirib ki, atəşpərəstliyə görə insan öldükdən sonra cəsədi yaşayış yerindən uzaqda saxlanılırdı. Qurd-quş onun ətini yeyəndən sonra sümüklərinin qalıqları daş qutu qəbirlərdə basdırılırdı. Onların yanına qab-qacaq qoyulmurdu. Cənubdan şimala doğru belə qəbirlərin sayı azalır.

Tarixçi alim qeyd edib ki, islam dinin yayılması ilə əlaqədar 680-ci ildən sonra Azərbaycanda atəşpərəstliyin kökünü yavaş-yavaş kəsiblər. Atəşpərəstlik dininin sonrada təbliğ olunması Zərdüştün adı ilə bağlıdır. Lakin atəşpərəstliyin heç də bütün komponentləri Zərdüştlüyə daxil olmayıb. Bu gün Azərbaycanda Zərdüştiliyin müqəddəs kitabı “Avesta”nı oxuyan yoxdur. Ondan başqa isə heç bir yazılı mənbə mövcud deyil. Ona görə də həmin inancın elementləri ölüb gedir.

Qız Qalasının atəşpərəstliklə əlaqəsinin olmasına dair rəvayətlərə toxunan Allahverdi Əlimirzəyev deyib ki, bu, belə deyil. XI əsrin sonu-XII əsrin əvvəllərində tikilən bu abidə mayak funskiyasını daşıyıb. Qalanın üstündə dənizdən gələn gəmilərə yol göstərmək üçün tonqal qalayırdılar. Tonqalın dilləri isə butaya bənzəyir. Atəşpərəstlikdə od müqəddəs olduğu üçün buta da onun simvollarındandır.

Aytən Zəhra Bağırzadə
AzVision.az


Teqlər: Atəşpərəstlik  





Xəbər lenti