Paşinyan vədini yenə danır. Deməli... - Mübariz Əhmədoğlunun yazısı

   Paşinyan vədini yenə danır. Deməli... -    Mübariz Əhmədoğlunun yazısı
  15 Aprel 2024    Oxunub:1578
Avropa İttifaqının sözçüsü Piter Stano “Azadlıq” radiosunun erməni redaksiyasına verdiyi son müsahibəsində mümkün qədər obyektiv görünməyə çalışır. Amma bəlli olur ki, bu obyektivliyinin də məqsədi ermənipərəstlik etmək imiş. Stanonun dediklərindən belə çıxır ki, Azərbaycan bütün danışıqlarda iştirak edib, sonra isə qəflətən birtərəfli qaydada Qarabağ ermənilərini öz ərazisindən çıxarıb.
Şübhəsiz ki, Stano Aİ təmsilçisi kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı baş verənləri diqqətlə izləyir. Hətta bəzi insayder məlumatları da var. Bilir ki, Çarlz Mişelin vasitəsilə keçirilən görüşlərdə Nikol Paşinyan Azərbaycan istiqamətində dəmir yolu tikməyi vəd verib. Bəs tikinti başlayıbmı?

Hərbçilərin mübadiləsi prosesində azaraq Naxçıvandan Ermənistana keçmiş iki Azərbaycan əsgərinin qaytarılması razılaşdırılmışdı. Sonra qalan hərbçilər dəyişdiriləcəkdi. Paşinyan bunu etdimi?

Azərbaycana ərazi iddiasını təsbit edən Konstitusiyanın bütövlükdə dəyişdirilməsini gündəmə gətirən də Paşinyan idi. İndi bu vədindən də imtina edir.

Paşinyanın son vədi Tavuşun 4 kəndinin Azərbaycana qaytarılmasıdır. Həmin kəndlərin Azərbaycan Respublikasına məxsus olduğunu onun özü çox yaxşı sübut etdi. Hətta orta səviyyəli azərbaycanlının bilmədiyi çox şeyi açıqladı. İndi isə sözünə xilaf çıxır.

2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamədə Qarabağ ərazisindən Ermənistana məxsus hərbçilərin çıxarılması məsələsi var idi. Paşinyan bir müddət susdu, sonra bunu dandı. Orada guya Ermənistan hərbçilərinin olmadığını sübut etməyə çalışdı. Erməni əhali Qarabağı tərk etdikdən sonra təxminən 10-12 min nəfərin Ermənistan hərbçisi olduğu aydınlaşdı.

Paşinyanın vədilərini danması sonda Qarabağda anti-terror əməliyyatına səbəb oldu, nəticəsi də məlumdur. Sadə ermənilər güllə, atəş səslərinə dözmədi və Azərbaycan ərazisini tərk etdi. İndi də Tavuşda 4 kəndin Azərbaycana məxsusluğu ilə bağlı dediklərini inkar edir.

Cənablar, bu inkardan sonra nə baş verəcək? Bəlkə elə Stano, Klaar, Borel, Mişel və başqaları bununla məşğul olsunlar?

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: Paşinyan  





Xəbər lenti