Ölkəmiz Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur - FOTOLAR

Ölkəmiz Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur -    FOTOLAR
  26 Aprel 2024    Oxunub:1061
Azərbaycanın nümayəndə heyəti aprelin 25-dən işə başlamış və sabah başa çatacaq İqtisadi Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün turizm paytaxtı seçilən Özbəkistanın Şəxrisəbz şəhərində “Turizm günləri” tədbirində iştirak edir.
Dövlət Turizm Agentliyindən AzVision.az -a verilən məlumata görə, tədbir çərçivəsində təşkil olunan “Şəxrisəbz 2024 – İƏT-in turizm paytaxtı” forumunda çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanla İƏT-ə üzv olan ölkələr arasında turizm əlaqələrinin inkişaf etdiyini, ötən il Azərbaycanla üzv ölkələr arasında 7200, bu ilin ilk rübündə isə 1500 birbaşa uçuşun həyata keçirildiyini bildirib.

O qeyd edib ki, 2023-cü il ərzində əsasən Türkiyə, İran, Qazaxıstan, Pakistan, Türkmənistan və Özbəkistandan olmaqla İƏT ölkələrindən ölkəmizə 730 mindən çox ziyarətçi gəlib.

Eləcə də 1 milyondan çox Azərbaycan vətəndaşı daha çox Türkiyə, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistana olmaqla İƏT üzvü olan ölkələrə səfər ediblər.

K.Quluzadə 2026-cı il üçün Şuşanın təşkilatın turizm paytaxtı seçildiyini vurğulayaraq Qarabağın turizm imkanlarının tanıdılması istiqamətində vacib addım olduğunu bildirib.

Özbəkistan Turizm Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində təşkil edilən etno festival tədbirində Azərbaycan kulinariyası təqdim edilib.

Forumda üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə məsələlər müzakirə olunur.

2-3 may tarixlərində Bakıda ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin tur operatorlarının forumu təşkil ediləcək.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Özbəkistan   turizm  





Xəbər lenti