Dövlət Komitəsində ABŞ nümayəndə heyəti ilə görüş baş tutub
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınlar və məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva onların sosial, təhsil, səhiyyə, mədəniyyət məsələlərini daim diqqətə saxlayır, hər müraciətə xüsusi həssaslıqla yanaşır.
Məcburi köçkünlərin mütləq əksəriyyətinin doğma yurda qayıtmaq, orada daimi məskunlaşmaq və işləmək, həmin yerlərin yenidən dirçəldilməsinə töhfə vermək istədiyi vurğulanıb. Böyük Qayıdışın ilkin nəticələri Şərqi Zəngəzurda və Qarabağda həyatın tezliklə canlanacağına inam yaradır.
Görüşə dəvət edilmiş bir qrup məcburi köçkünün didərginlik hekayələrini qonaqlar maraqla dinləyib, onlarla həmsöhbət olublar. Məcburi köçkünlər sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökumətinin həyata keçirdiyi bərpa-quruculuq işlərindən razı qaldıqlarını və doğma yurda köçəcəkləri günü səbirsizliklə gözlədiklərini bildirib, onların fikir və duyğularını amerikalı konqresmenlərə çatdırmağı xahiş ediblər.
AzVision.az