“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görülmüş işlərə, hazırkı gedişata dair təqdimat edilib. Sonra startap layihələrinin tanıdılması, investorların cəlb edilməsi məqsədilə ASAN TV vasitəsilə yayımlanacaq verilişə dair videoçarx, eyni zamanda "Bilişim Vadisi" ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramının təqdimatı nümayiş olunub.
İlkin mərhələdə inkubasiya proqramı üçün qeydiyyatdan keçmiş 47 komandadan 30 komanda seçilib. İkinci mərhələdə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi” tərəfindən təyin olunmuş hakim heyətinin qiymətləndirməsinə əsasən 10 komanda 6 aylıq inkubasiya proqramında iştirak hüququ qazanıb.
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyaların inkişafı üçün tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi əsas hədəflərdir.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə “Mentorluq proqramı”nı və mentorların iştirakı ilə tələbələrin öz ideyalarından startaplar formalaşdırmaları üzrə iki “İnkubasiya proqramı”nı əhatə edib.
Ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. Layihənin rəsmi bağlanış tədbirində ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırılan 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilən 3 komanda müvafiq olaraq mükafatlandırılıb.
AzVision.az