Bakıda II İSESKO Nazirlər Konfransı keçiriləcək
Konfransda 30-a yaxın ölkədən 50-dən çox nümayəndə iştirak edəcək.
Konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir.
Konfrans təqdimat və interaktiv müzakirələr formatında keçiriləcək. Konfrans zamanı iştirakçılar İSESKO-ya üzv ölkələrin kontekst və prioritetləri arasında yaxınlaşma və divergensiya sahələrini, qiymətləndirilən bacarıq və sahələr, həmçinin beynəlxalq qiymətləndirmələrin kontekstual məlumattoplama üsullarını və metodologiyalarını araşdıracaqlar.
Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.
AzVision.az