Taksi sürücüləri işsiz qalacaqmı? - Açıqlama

 Taksi sürücüləri işsiz qalacaqmı? -  Açıqlama
  24 İyun 2024    Oxunub:1456
Ölkəmizdə taksi qiymətlərinin artımı son zamanlarda geniş müzakirə olunan mövzulardan biridir. Qiymət artımının bir neçə səbəbi var. Dövlət tərəfindən tətbiq olunan yeni tənzimləmələr və qaydalar qiymət artımına təsir edə bilər. Məsələn, yeni tələblərin qoyulması taksi xidmətlərinin qiymətlərini yüksəldə bilər. Elə ötən aylarda taksi fəaliyəti ilə bağlı qərarlar qəbul olundu.
Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən etibarən buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Digər qərara əsasən taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq, avtomobilin daxilində videokameralar quraşdırılacaq. Bundan başqa, taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdırlar.

"Taksilərin qiymətini kim qaldırır?" - AÇIQLAMA
Bəzi sürücülər verilən bu qərarların onların vəziyyətini xeyli çətinləşdirəcəyini deyirlər. Çünki işlərini itirə bilərlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov AzVision.az-a bildirib ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək istehsal tarixindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər:

“Bu zaman nəqliyyat vasitəsinə “avro-5” standartı tələbi tətbiq olunmur. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün avtomobillərin yaşı 8 ili keçməməlidir. Buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilibsə və ya ölkəmizdə istehsal olunubsa, onların rəngi ağ və ya qırmızı olmalıdır. Bu günə kimi taksi fəaliyyəti göstərmək üçün 5000-dən çox icazə verilib”.

T.Orucov qeyd edib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:

“Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır. Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq. Bu sahədə AYNA tərəfindən təhlillər aparılıb və nəticələrə əsasən taksi sayının azaldılmasına müvafiq olaraq avtobuslar xəttə buraxılacaq. Bu da sərnişin sıxlığının, eləcə də avtobusların qrafikdən və intervaldan kənarlaşması hallarının qarşısını alacaq”.

Qurum rəsmisi onu da bildirib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

“Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir. İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib. Artıq qaliblərdə bəllidir”.

İşsiz qalacaq taksi sürücülərinin aqibətinə gəlincə, mətbuat katibi qeyd etdi ki, taksi fəaliyyətində növbəli iş prinsipi tədbiq ediləcəyindən, sürücülər növbəli şəkildə xidmət göstərə biləcəklər:

“Eyni zamanda, ictimai nəqliyyatda və yükdaşıma sahəsində sürücü çatışmazlığı müşahidə edilir ki, həmin sürüclər də müvafiq kateqoriya əldə edib, təlimlərdə iştirak edərək bu sahələrə yönləndirilə bilərlər”.

Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, aparılan islahatların nəticəsində taksi qiymətlərinin artımı gözləniləndir:

"Çünki tələblərə cavab verməyən nəqliyyat vasitəsləri bu sahədə işləyə bilməyəcək. Bu da kəskin şəkildə taksi işləyən maşınların sayının azalmasına səbəb olacaq. Taksi qiymətləri ilə bağlı standart tarif yoxdur. Bazarın tələb və təklif prinsipi qiymətin yuxarı və ya aşağı olmasını müəyyənləşdirəcək. Əgər kütləvi şəkildə nəqliyyat vasitələrinin sayı azalsa, təbii ki, qiymətin artımı çox olacaq.

Aparılan islahatlar nəticəsində çox sayda nəqliyyat vasitəsi qeydiyyatdan keçə bilmədiyinə görə fəaliyyət göstərə bilməyəcək. Nəticədə işsizlərin sayı artacaq. Bu da nəqliyyat vasitələrinin küçələrdə azalmasına səbəb olacaq. Tıxaclar qismən də olsa azalacaq. Amma bu o demək deyil ki, taksi sürücülərinin işsiz qalmasına görə biz bu islahatlara getməməliyik. Əgər yüksək keyfiyyət, komfort xidmət istəyiriksə bu addımlar atılmalıdır ".

Həmidə İbrahimova
AzVision.az




Teqlər:   Taksi   Qiymətartımı  





Xəbər lenti