Zelenski atəşkəs barədə Orbanın təklifini bəyənməyib

  Zelenski atəşkəs barədə  Orbanın təklifini  bəyənməyib
  03 İyul 2024    Oxunub:1784
Kiyevə səfəri çərçivəsində Macarıstanın baş naziri Viktor Orbanın Rusiya ilə danışıqlara başlamaq üçün müvəqqəti atəşkəs təklifini Ukraynanın prezidenti Volodimir Zelenski qəbul etməyib.
Bununla belə, Macarıstanın baş naziri Viktor Orban İsveçrənin “Die Weltwoche” həftəlik qəzetinə müsahibəsində Kiyevlə bu barədə dialoqun davam etdiriləcəyinə ümid bəslədiyini deyib.

Orban Kiyevdə Zelenski ilə görüşdə Rusiya ilə danışıqlara hazırlaşmağa başlamaq üçün ona atəşkəs yaratmağı təklif etdiyini, lakin vizavisinin bu ideyanı dəstəkləmədiyini söyləyib.

“Onun bununla bağlı bəzi şübhələri var. Təklif çox da xoşuna gəlmədi. Dedi: gəlin bu barədə düşünək. Zelenskinin əvvələr atəşkəslə bağlı uğursuz təcrübəsi olub və onun fikrincə, bu, Ukraynaya fayda verməyib. Beləliklə, o, mənim mövqeyimi başa düşdü, bu məsələdə mümkün olan həddləri izah etdi. İndi baxaq görək bunu necə davam etdirəcəyik”, - Macarıstanın baş naziri bildirib.

Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyinin elə ikinci günü Ukraynaya gedən Viktor Orban Avropanın maraqlarını ədalətli və obyektiv şəkildə təmsil etməyə çalışdığını deyib.

- Mən Zelenskiyə başa salmağa çalışdım ki, vaxt daralır və sülhün bərqərar olması vacibdir, çünki cəbhədə hər gün yüzlərlə əsgər ölür və biz döyüş meydanında həll yolunun necə tapılacağını görmürük”, - Viktor Orban vurğulayıb.

Eyni zamanda o, Zelenskini heç nəyə inandırmaq niyyəti güdmədiyinə diqqət çəkib. Onun sözlərinə görə, missiyasının məqsədi Zelenskinin mövqeyini başa düşmək və aydınlaşdırmaq, habelə sülh haqqında danışarkən onun hansı addımı atmağa hazır olduğunu öyrənmək idi.

“Çünki mən Aİ Şurasına sülhün mümkünlüyü barədə məlumat vermək niyyətindəyəm. Ancaq bunun üçün biz başqalarının imkanlarının nə olduğunu bilməliyik”, - Macarıstanın baş naziri səfərinin məqsədinə aydınlıq gətirib.

Bu baxımdan, Viktor Orban vəziyyəti dəyişmək və Ukrayna böhranının həlli üçün başqa yollardan istifadə etmək şanslarının olub-olmadığını öyrənməyə çalışıb. Belə ki, sülh danışıqlarının təşkilinə və münaqişənin həllinə yönəlmiş bir neçə təklif var. Ancaq uzun, ləng və mürəkkəb bir proses kimi bu xeyli vaxt tələb edir. Ona görə də, danışıqlar üçün əsas kimi hər tərəf üçün məqbul olacaq bir planın hazırlanmasının aylarla vaxt aparacağı bəllidir.

- Ona görə də fikrim Zelenskidən soruşmaq idi ki, niyə proseduru dəyişdirmirik? Əvvəlcə atəşkəsin, hətta məhdud müddətə - iki, üç və ya dörd həftəlik elan edilməsinə münasibəti necədir? Atəşkəs qüvvədə qaldığı müddətdə biz sülh danışıqlarının təşkili prosesini və bu yolla bizi sülhə aparacaq bütün prosesi sürətləndirə bilərik”, - Orban deyib.

Moskva da atəşkəsin əleyhinədir

Kiyev əslində Orbanın atəşkəs təklifini rədd edib. Belə ki, Macarıstanın baş nazirinin səfərindən sonra Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva bildirib ki, bu cür təşəbbüsləri nizamlanmanın digər aspektlərindən ayrı şəkildə qəbul etmək olmaz.

Maraqlıdır ki, sülh barədə danışıqlara başlamaq üçün müvəqqəti atəşkəs rejiminin elan edilməsini Rusiyanın özü də məqbul saymır. Moskva dəfələrlə bəyan edib ki, sülh barədə danışıqlar gedən müddətdə belə Rusiya Ukraynada apardığı hərbi əməliyyatları dayandırmayacaq. Bu məsələdə Kreml sülh danışıqları müstəvisində artıq bir dəfə Ukrayna və Qərb tərəfindən aldadılması təcrübəsinə istinad edir.

Belə ki, 2022-ci il aprelin 15-də Rusiya ilə Ukrayna müharibənin dayandırılması və sülh müqaviləsinin əsas müddəaları barədə İstanbulda saziş imzaladılar. Həmin vaxt Rusiya qoşunlarının Ukraynanın Xarkov şəhərini ələ keçirəcəyi artıq heç bir şübhə doğurmurdu. Lakin İstanbul razılaşmasına əsasən, Rusiya qoşunlarının Xarkov ətrafından geri çəkilməsindən sonra Kiyev Qərbin təkidi ilə İstanbul sazişindən imtina etdi. Qərbin genişmiqyaslı maliyyə və hərbi-texniki dəstəyini alan Ukrayna Silahlı Qüvvələrinin 2022-ci ilin payızında həyata keçirdiyi əks-hücum nəticəsində isə Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin şimalındakı bütün əraziləri, demək olar ki, döyüşsüz tərk etmək məcburiyyətində qaldılar. İndi isə Rusiya əhalisinin sayına görə Ukraynanın ikinci yaşayış məntəqəsi və ölkənin mühüm elmi-sənaye mərkəzlərindən biri olan Xarkov şəhərini hər iki tərəfdən verilən böyük itkilər hesabına zəbt etməyə çalışır.

Məhz bu acı “təcrübə”dən nəticə çıxaran Rusiya rəhbərliyi Ukrayna hökuməti mövcud reallıqlarla tam şəkildə qəbul etməyənə, yəni ərazi itkiləri ilə barışmayana qədər, hərbi əməliyyatları dayandırmaycağını və atəşkəsə getməyəcəyini dəfələrlə açıqlayıb. Çünki Kremlin fikrincə, sülh danışıqları naminə elan oluna biləcək atəşkəs rejimindən Kiyev və kollektiv Qərb Ukraynanın Silahlı Qüvvələrinin gücləndirilməsi və yenidən əks-hücuma keçməsi üçün istifadə edəcəklər. Yeri gəlmişkən, Ukraynanın əvvəlki prezidenti Pyotr Poroşenkonun və onun sabiq fransalı həmkarı Fransua Ollandın, habelə Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmalrından məhz belə fəndgirliklə istifadə edildiyi barədə verdikləri açıqlamalar Moskvanın bu mövqeyinin tam məntiqli olduğunu sübuta yetirir.

Yeri gəlmişkən, rəsmi Kiyev də Rusiyanın atəşkəs reimindən yararlanaraq zəifləmiş hərbi gücünü bərpa etdikdən sonra yenidən Ukraynada hücuma keçməyi planlaşdırdığını bildirir.

Əslində qədim ümumi köklərə və ənənələrə malik olan iki slavyan xalqını qardaş qırğını cəbhəsində müharibəyə sürükləmiş kollektiv Qərbə də məhz bu lazımdır. Çünki Moskvanın və Kiyevin düşüncəsində birinin digərini aldatmağa can atması xofu dərinləşdikcə, bu müharibənin bitəcəyi ehtimalı da öləziyir.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Orban   Ukrayna   Rusiya  





Xəbər lenti