Trampdan Baydenə təklif: “Debatları yalnız ikilikdə keçirək”

   Trampdan Baydenə təklif:    “Debatları yalnız ikilikdə keçirək”
  05 İyul 2024    Oxunub:1658
Prezident seçkiləri kampaniyası çərçivəsində keçirilən ilk debatlarda ABŞ-nin indiki lideri Co Baydenə qalib gələn Donald Tramp opponentinə moderatorsuz polemika keçirməyi təklif edib.
AzVision.az xəbər verir ki, gələn prezident seçkilərində respublikaçıların namizədi Donald Tramp “Truth” sosial şəbəkəsində paylaşdığı statusda rəqibi Co Baydenin moderatorsuz keçirilən debatlarda öz bacarığını nümayiş etdirə bilmək imkanı olduğunu yazıb.

“Vicdansız Co Baydenin səriştəsi ilə bağlı suala mənim cavabım var. Gəlin bu dəfə heç bir qayda olmadan yenə mübahisə edək. Hərtərəfli bir müzakirə, yalnız ikimiz səhnədə ölkəmizin gələcəyini müzakirə edirik”, - sabiq prezident Donald Tramp vurğulayıb.

Trampın fikrincə, ilk debatın böyük reytinqləri yeni formatın tamaşaçılara daha da maraqlı olacağını sübut edir. Eyni zamanda, moderasiyasız debatlar demokratların namizədinə aktual suallara daha dolğun cavab verməyə, partiya yoldaşlarının və seçicilərin onun qabiliyyətlərinə dair bütün şübhələrini aradan qaldırmağa imkan verəcək. Tramp bu formatı özü üçün də əla sınaq sayır.

Bundan əvvəl, ilk debatlardakı uğursuzluğunu yorğunluqla əlaqələndirən Co Bayden bildirib ki, bir həftəlik hazırlıq keçməsinə baxmayaraq, Avropaya əvvəlki səfərlərə çox enerji sərf etdiyindən tədbirdə “demək olar ki, yuxuya gedib”.

Bayden “təslim” olmaq fikrində deyil
Amerika mediasının yazdığına görə, ABŞ prezidenti öz seçki qərargahı və Demokratlar Partiyasının Milli Komitəsi ilə videokonfrans zamanı mübarizəni davam etdirəcəyini və heç kimin onu qovmadığını deyib. Bununla belə, bir qrup demokrat qanunvericinin Ağ Ev rəhbərinə yarışdan geri çəkilmək çağırışı ilə müraciət etmək planları barədə xəbərlər yayılır.

Belə ki, Nümayəndələr Palatasının üzvü Lloyd Doggett alternativ namizədin xeyrinə seçkilərdə iştirakdan imtina etməsi xahişi ilə Baydenə açıq müraciət ünvanlayıb. Onun partiya yoldaşı və həmkarı Raul Qrijalva da başqa namizədlərin axtarılmasının zəruri olduğnu bildirib.

Lakin Merilend ştatının rəhbəri Ues Mur 20 demokrat qubernatorun Amerika lideri ilə görüşdə ona dəstək ifadə etdiyini açıqlayıb. Ağ Ev isə, öz növbəsində, Baydenin “həmişəki kimi əqli cəhtdə iti” olduğunu və seçkidən geri çəkilməyəcəyini iddia edib.

İyunun 28-də Atlantada ABŞ prezidentliyinə namizədlərin ilk debatında Amerika mediası hazırkı dövlət başçısının son dərəcə zəif çıxış etməsi fikri ilə razılaşır. Danışarkən kəkələyən və dayanan, fikirlərini həmişə aydın ifadə edə bilməyən Co Bayden sonda yalnız həyat yoldaşı Cillin köməyi ilə səhnədən çıxıb.

Bir çox siyasətçilər və jurnalistlər Demokratlar Partiyanın Baydendən imtina edərək başqa bir namizəd irəli sürə biləcəyini düşünürlər. Nəzəri cəhətdən belə bir fürsət avqustda keçiriləcək qurultayda yaranacaq. Amma praymerizdə qalib gəlmiş siyasətçinin özü iştirakdan imtina etməyəcəyi halda, onu yarışdan kənarlaşdırmaq praktiki baxımdan çətindir.

Prezidentliyə namizədlərin ikinci debatları sentyabrın 10-na təyin edilib. Demokratlar partiyasının öz namziədi ilə bağlı son seçimini etməsi üçün 2 aydan bir qədər çox vaxtı qalıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Tramp   Bayden  





Xəbər lenti