40 milyardlıq yardım nəyi dəyişəcək? - Kiyev indi də NSATU-ya ümidlidir

 40 milyardlıq yardım nəyi dəyişəcək?  - Kiyev indi də NSATU-ya ümidlidir
  11 İyul 2024    Oxunub:1538
NATO-nun Vaşinqtonda keçirilən sammitində Ukraynaya bir il ərzində 40 milyard avro məbləğində hərbi yardım göstərilməsinə qərar verilib.
AzVision.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansına üzv ölkələrin dövlət və hökumət başçılarının yaydıqları bəyanatda məlumat verilib.

Qeyd edilir ki, bu məbləğə 2024-cü il yanvarın 1-dən ayrılmış vəsaitlər də daxildir. Almaniya artıq bu il Kiyevə 8 milyard avro dəyərində hərbi yardım göstərməyi öhdəsinə götürüb.

Bosak: "NATO-da heç kim Ukraynanın üzvlüyünə ciddi yanaşmır"
Əslində qarşıdakı aylarda Ukraynaya yardım məsələsində ciddi problemlər yaşana bilər. Çünki noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Tramp qalib gəlsə, o, Kiyevə dəstəyi azaldacaq. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Vaşinqton sammitində Trampın qalib gələcəyi halda belə, Ukraynaya yardım göstərilməsinə zəmanət verilməsi planı da razılaşdırılıb.

Visbaden yardımların yeni əlaqələndirilmə mərkəzinə çevrildi

Plan çərçivəsində NATO-nun Kiyevə silah-sursat tədarükü, eləcə də Ukrayna əsgərlərinin Avropada keçəcəkləri təlimlər bundan sonra alyansın Almaniyanın Visbaden şəhərində yerləşən qərargahı vasitəsilə əlaqələndiriləcək. Bu işlərə qərargahda alyansın 40-ı alman olmaqla 700 əməkdaşı nəzarət edəcək.

“Burada əsas məqsəd Ukraynaya təhlükəsizlik sahəsində olan dəstəyin müntəzəmliyini saxlamaq və bununla da Kiyevi təkmilləşdirilmiş, proqnozlaşdırıla bilən və ardıcıl yardımlarla təmin etməkdir”, - NATO-nun bəyanatında yazılıb.

O da qeyd olunur ki, NSATU (Ukrayna üçün NATO Təhlükəsizliyi Yardımı və Təlimi-red.) adlanan yeni qərargahın vəzifəsi həm də Ukraynanın Şimali Atlantika Alyansına yaxınlaşmasın kömək etmək olacaq.

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən isə NSATU NATO-nu münaqişənin iştirakçısı etməyəcək”, - müttəfiqlərin bəyanatında vurğulanıb.

Bu arada Macarıstanın baş naziri Viktor Orban Rusiya ilə yarana biləcək təhlükəli qarşıdurma qorxusuna görə macar hərbi qüvvələrinin qərargahda iştirakından imtina edib.

İndiyədək isə ABŞ Ukraynaya yardımların koordinasiyasına cavabdeh olub. Bunun üçün 2022-ci ilin sonunda ABŞ Silahlı Qüvvələri Komandanlığının qərargahında "Ukraynaya Təhlükəsizliyə Yardım Qrupu" (SAG-U) adlı 300 hərbçidən ibarət qərargah yaradılmışdı.


Yayda Ukrayna səmasını F-16-lar qoruyacaq

Ukrayna NATO-dan F-16 məsələsində də tam razı deyil. Almaniyanın "DW" nəşri yazır ki, Kiyev nəhayət ki, bu yay istifadəyə hazır olan F-16 döyüş təyyarələri əldə edəcək. Danimarka və Hollandiya bununla bağlı konkret addımlar da atır. Maraqlıdır ki, Kiyevi müasir və bahalı döyüş təyyarələri ilə təmin edəcək koalisiya bir il əvvəl yaradılsa da, qırıcıların çatdırılması hələ də gecikir.

Amma Qərbin digər bahalı silahı sayılan "Patriot" hava hücumundan müdafiə sistemi ilə bağlı məsələ bir qədər fərqlidir. ABŞ bu günlərdə Ukraynaya daha bir "Patriot" sistemi verməyə hazır olduğunu təsdiqləyib. Beləliklə, Kiyev NATO-dan ümumilikdə beş belə sistem alacaq. Prezidenti Vladimir Zelenski isə 7 sistem tələb edirdi.

Qərb ölkələri Kiyevi silahlandırmaqla yanaşı özlərinin hərbi büdcələrini də artırırlar. Bu il NATO-nun 32 ölkəsindən 23-ü ÜDM-in ən azı iki faizini müdafiə xərclərinə ayıracaq. Almaniya kansleri Olaf Şhols Vaşinqtonda keçirilən sammitdə bu mövzuya toxunub. O, hakim partiyanın federal büdcə ilə bağlı əldə etdiyi razılaşmasına işarə edərək deyib ki, onlar alyansın hərbi büdcələrin artırılması ilə bağlı müvafiq tələbini “sabit” şəkildə yerinə yetirəcəklər. Bu il Almaniyanın hərbi xərclərinin ÜDM-in 2,1%-ni təşkil edəcəyi təxmin edilir.

Sammitdə Ukraynanın NATO üzvlüyünə dəvət edilməsi məsələsi medianın gündəminə çevrilib. AFP nəşri yazır ki, Kiyevin üzvlüyə dəvət edilməməsinin əsas səbəbi ABŞ və Almaniya rəhbərlərinin Rusiya ilə qarşıdurma qorxusudur. Amma müttəfiqlərin bəyanatından da aşkar görünür ki, onlar Ukraynanın Avro-Atlantik inteqrasiya, o cümlədən NATO-ya üzvlük yolunda geri dönməz bir yolda olduğunu görürlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   NATO   Yardım   Silah   Kiyev   ABŞ   Rusiya  





Xəbər lenti