Vaşinqtonda “Ukrayna sazişi” imzalandı

   Vaşinqtonda    “Ukrayna sazişi”    imzalandı
  12 İyul 2024    Oxunub:1224
NATO-nun Vaşinqtonda keçirilən 75-ci sammiti çərçivəsində “Ukrayna müqaviləsi” adlı sənəd qəbul edilib. Onu imzalayan liderlər təşəbbüslər paketini həyata keçirməyə söz veriblər. Ümumilikdə, sənədi Ukrayna da daxil olmaqla 24 ölkənin prezidentləri və baş nazirləri, eləcə də Avropa İttifaqının (Aİ) liderləri imzalayıblar.
AzVision.az xəbər verir ki, sənədi imzalayan ölkələr digər məsələlərlə yanaşı, “Rusiyanın gələcək hücumu” təqdirində yüksək səviyyədə görüşlərdə Ukraynaya dəstəyi barədə müzakirələr aparacaqlarını vəd ediblər.

NATO ölkələrindən ABŞ, Belçika, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İslandiya, İtaliya, Latviya, Liva, Lüksemburq, Niderland, Norveç, Polşa, Portuqaliya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya imzalayıblar. Bundan əlavə müqavilənin altında Avropa Şurasının və Avriopa Komissiyasının, habelə blokun üzvü olmayan Yaponiya və Ukraynanın imzaları var.

Amma bu məsələdə NATO ölkələri yekdil mövqe sərgiləməyiblər. Belə ki, Şimali Atlantika Alyansına daxil olan Albaniya, Bolqarıstan, Macarıstan, Yunanıstan, Şimali Makedoniya, Rumıniya, Slovakiya, Türkiyə, Xorvatiya və Monteneqro bu müqaviləni imzalamaqdan imtina ediblər.

“Bu gün biz NATO-nun Zirvə toplantısının birgə Bəyannaməsində Ukraynanın hərtərəfli təhlükəsizlik ehtiyaclarını ödəmək naminə kollektiv səylərimizi əlaqələndirmək və sürətləndirmək üçün “Ukrayna Müqaviləsi”nin imzalandığını elan edirik”, - Avropa Komissiyasının rəsmi saytında dərc olunan sənəddə deyilir.

Müqaviləni imzalayan dövlətlər “Rusiyanın təcavüzünə qalib gələnə qədər” Ukraynanı dəstəkləyəcəklərini bəyan ediblər. Onlar azad, müstəqil, demokratik və suveren, özünü müdafiə etməyə qadir olan Ukraynaya sadiq qaldıqlarını bildiriblər. Bundan əlavə, Ukraynanın Avro-Atlantika istəkləri üçün zəruri olan demokratiyanın gücləndirilməsi, qanunun aliliyi, insan hüquqlarına hörmət və media azadlığı ilə bağlı islahatlara Kiyevin sadiq qaldığı vurğulanıb.

Ümumilikdə, sənəddə müqaviləni imzalayan tərəflərin üç öhdəliyi ehtiva olunur.

Birincisi, Ukraynanı müdafiə və təhlükəsizlik sahəsində dəstəkləmək.

İkincisi, müdafiə və çəkindirmə imkanlarını dəstəkləyə biləcək “gələcək güc”ün yaradılması üçün səyləri gücləndirmək.

Üçüncüsü, mövcud hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiyanın gələcəkdə Ukraynaya silahlı hücumu olacağı halda, Kiyevi dəstəkləmək istiqamətində növbəti addımları müəyyənləşdirmək üçün dərhal və kollektiv şəkildə ən yüksək səviyyədə toplaşmaq.


Gələcəkdə hücum olacağı halda Ukraynaya təhlükəsizlik yardımının göstərilməsi, Rusiyaya qarşı isə məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: NATO   Ukrayna  





Xəbər lenti