"Qəzzada 70 min insan hepatitə yoluxub"

   "Qəzzada 70 min insan hepatitə yoluxub"
  13 İyul 2024    Oxunub:1657
"Ötən il oktyabrın 7-də müharibə başlayandan bəri Qəzza zolağında 71338 nəfərdə yoluxucu hepatit xəstəliyi aşkarlanıb".
AzVision.az xəbər verir ki, bu ifadələr Qəzza hökumətinin mətbuat xidmətinin məlumatında vurğulanır.

Bildirilir ki, ümumilikdə 1,7 milyondan çox insan ağır həyat şəraiti, su qıtlığı, sanitar şəraitin yoxluğu səbəbi ilə müxtəlif yoluxucu xəstəliklərdən əziyyət çəkir.

Hepatitin əmələ gəlməsinin ən əsas amilləri məhz qeyri-gigiyenik mühitdir. Bu yaxınlarda "Al Jazeera"ya açıqlamasında Qəzza zolağının Cəbaliyya şəhərindəki "Kamal Ədvan" xəstəxanasının direktoru söyləmişdi ki, əhali arasında baş qaldıran ağır xəstəliklər arasında hepatit C daha çox yayılıb:
Qəzzada epidemiyalar artır

"Təmiz qida və su qıtlığı xəstəliklərin yayılmasına təkan verir. Qəzzaya ərzaq, dərman, tibbi ləvazimat və yanacaq yardımı artırılmalıdır".

Eyni zamanda, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin məlumatına əsasən, İsrail hərbi qüvvələri həyati infrastrukturu dağıtdığı, Qəzzanın sərhədlərini humanitar yardıma bağladığı üçün şirin su tapa bilməyən fələstinlilər çirkli dəniz suyu içmək məcburiyyətində qalırlar:

"Artan temperatur və gigiyena çatışmazlığı, onsuz da, dəhşətli vəziyyəti daha da ağırlaşdırır".

Təşkilatın yayımladığı kadrlarda qəzzalı uşaqların içmək üçün qablara dəniz suyu doldurduğu görünür.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   xəstəlik   hepatit   epidemiya  





Xəbər lenti