Ukrayna ilə bağlı Aİ-də parçalanma gedir

   Ukrayna ilə bağlı    Aİ-də parçalanma    gedir
  16 İyul 2024    Oxunub:1012
Aİ üzvləri arasında Ukraynadakı vəziyyətlə bağlı fərqli fikirlər yaranmağa başlayıb.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə Ali nmüayəndəsi Jozep Borrel İspaniyanın “TVE” teleşirkətinə müsahibəsində belə fikir səsləndirib.

“Biz Ukrayna müharibəsi məsələsində çox həmrəy idik. İndi fikir ayrılıqları yaranmağa başlayır və siz Macarıstanın mövqeyini gördünüz, lakin indiyə qədər biz çox həmrəy olmuşuq. Halbuki, Yaxın Şərqdəki münaqişə ilə bağlı Aİ-nin belə birliyi yox idi”, - avropalı məmur deyib.

Orban Ukrayna üzrə sülh planını Aİ liderlərinə təqdim edib
Macarıstanın baş naziri Viktor Orbanın Rusiya da daxil olmaqla müxtəlif ölkələrə səfərlərinə toxunan Jozep Borrel bildirb ki, xarici siyasət Aİ-yə üzv olan ölkələrin səlahiyyətindədir.

- Əgər Macarıstan müstəqil suveren ölkə kimi gedib kimi isə görmək istəyirsə, ümumi siyasətə qarşı çıxmayana qədər, bu, onun haqqıdır”, - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

Bu mənada, Brüssel bürokratiyasının ən böyük təşvişi ekssentrik Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışının, demək olar ki, artıq reallığa çevrilməsi ilə bağlıdır. Trampın Ukrayna problemi üzrə Moskva ilə sövdələşməyə gedə bilməsi perspektivi isə Aİ-nin rəhbərlərinin yuxusunu ərşə çəkib.

Amma yalnız Trampın hakimiyyətə qayıdışı yox, hətta ona qarşı törədilən sui-qəsd də avropalı siyasətçilərin sıralarında vahimə yaradıb. Məşhur “Politico” nəşri yazır ki, Trampa olunan sui-qəsd Avropa siyasətçilərinə onların da hücuma məruz qala biləcəyi qorxusunu aşılayıb. Qəzet bu hadisənin avropalı siyasətçilərə Qoca qitədə də siyasi zorakılıq təhlükəsinin artdığını xatırlatdığına diqqət çəkib.

Bütün bunların fonunda Trampa sui-qəsd cəhdinə münsaibət bildirən Fransanın “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen “Fransa belə zorakılıqdan sığortalanmayıb” xəbərdarlığını səsləndirib. Nəşr vurğulayır ki, Avropada artıq belə halların baş verməsi Avropa elitasının qorxusunu daha da gücləndirir.

Xatırladaq ki, may ayında Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd olub, keçən ay Danimarka hökumətinin başçısı Mette Frederiksen ona edilən hücumdan sağ çıxa bilib, Böyük Britaniyada isə son səkkiz ildə iki parlament üzvü öldürülüb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Borrel   Ukrayna    





Xəbər lenti