Paşinyan "qoruyucu mələy"ini itirib

 Paşinyan  "qoruyucu mələy"ini  itirib
  23 İyul 2024    Oxunub:1052
ABŞ prezidenti Cozef Baydenin seçki marafonundan geri çəkilməsi Ermənistanda birmənalı qarşılanmayıb. Analitiklər təhlil və açıqlamalarında Baydenin namizədlikdən imtina etməsini baş nazir Nikol Paşinyan üçün fəlakət kimi qiymətləndirirlər.
Məsələn, "Zham.am" saytında Koryun Manukyan imzası ilə dərc olunmuş təhlil bu mənada diqqət çəkir. Analitik qeyd edib ki, 44 günlük müharibə zamanı Nikol Paşinyan və onun komandası öz məqamını gözləyib, onlar müəyyən planları həyata keçirmək üçün fürsət axtarıblar.

"Hər gün 100-dən çox itki verirdik. Amma bütün bunlar Nikolun vecinə də deyildi. Onu ancaq öz kürsüsü maraqlandırırdı. Paşinyan Rusiya prezidenti Vladimir Putinin müharibənin dayandırılması ilə bağlı bütün təkliflərini rədd edirdi. Nikol münaqişəni ona görə uzatmağa çalışırdı ki, ABŞ-də demokratlar hakimiyyətə gələndə o, üstün mövqeyə keçib hər şeyi öz nəzarətində saxlaya bilsin. Amma müharibə Nikol Paşinyanın iradəsinə zidd olaraq dayandırıldı. Çünki regionda öz maraqları olan Rusiya prosesə sərt şəkildə müdaxilə etdi, bu isə İrəvan rəhbərinə başqa seçim qoymadı.

Nikol “Ana Rusiya”nın qucağına “yolunu azmış oğul” kimi qayıtmaq istəyir - "Hraparak"
Rusiya sülhməramlıları Qarabağın bir hissəsinə daxil olan zaman Qərb baş verən bu proseslərdən narazı qalmışdı. Sülhməramlıları regiondan uzaqlaşdırmağın isə yalnız bir yolu qalmışdı. Bu, Qarabağda yaşayan erməni əhalinin sayının azaldılması idi. Nəhayət bu versiyadan istifadə edildi. Qərb rusları Cənubi Qafqazda sıxışdırmaq, bölgədən çıxarmaq üçün Nikol Paşinyandan da xeyli istifadə etdi. Bu, baş nazirin Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıması ilə başladı. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi elan edildikdən sonra "Artsax" (separatçıların Qarabağ verdikləri qondarma ad-red.) anlayışı da yoxa çıxdı. Nikolun bu addımı nəinki Baydenin nəzarət etdiyi Ağ Evdə, Ankarada da müsbət qarşılandı. Paşinyan bu gün hakimiyyətdə qalmasına görə Cozef Baydenə borcludur".

Məqalədə qeyd edilib ki, Birləşmiş Ştatlar son illər ərzində Nikolun bütün qanunsuz əməllərinə haqq qazandırıb və onun ölkədə polis sistemi yaratmaqla bağlı addımlarını alqışlayıb. Paşinyan isə bu jestlərin müqabilində ABŞ-dən gələn tapşırıqları artıqlaması ilə yerinə yetirib. Ermənistan rəhbəri boş yerə Rusiya əleyhinə ardıcıl tədbirlər görmürdü.

"O ki qaldı Azərbaycan Prezidenti İlham Əliyevə, o bu situasiyadan məharətlə yararlandı. Nə Baydenə, nə də bizim baş nazirə Azərbaycanla sərhəddə baş verən proseslər maraqlı gəlmirdi. Ağ Ev rəhbərinə ancaq anti-Rusiya addımları lazım idi. Bizim "lider"imiz bunu gözəl bacardı. Paşinyan bununla da kürsüsünü və canını xilas etməyə çalışırdı ki, Qərbin sayəsində o hələ də baş anzir kimi qalıb. Amma hər şeyin bir sonu var. Bayden artıq ABŞ prezidentliyi yarışından çıxıb. Onun yerinə transseksualların və lezbiyanların əsas müdafiəçisi və pozğunluğun təbliğatçısı kimi tanınan Kamala Harris gəldi. Seçki saxtakarlığı olmasa, noyabrda ABŞ prezidenti Tramp seçiləcək. Bu isə o deməkdir ki, ABŞ və Rusiya Federasiyası arasında münasibətlərdə kəskin dəyişikliklər baş verəcək. Təbii ki, Moskva ilə Vaşinqtonun yeni siyasi kurs götürməsi Ermənistana da təsir edəcək. Nikol nəhayət ki, onun başının üzərində dam kimi durmuş, baş nazirin qanunsuzluqları və xəyanətkar addımlarına göz yuman ABŞ-dəki "qoruyucu mələyini" itirəcək".

Müəllif iddia edib ki, məhz Baydenin dörd il hakimiyyətdə qalması Ermənistana və Qarabağ ermənilərinə xeyli baha başa gəlib. Onlar həm iqtisadi, həm siyasi-diplomatik, həm də bütün kontekslərdə çox şey itiriblər: "Nikol hökuməti bu gün də ABŞ-də demokratlar tərəfindən tam gücü ilə dəstəklənir. Niyə də dəstəklənməsin? Bayden Ukraynada Zelenskidən istifadə etdiyi kimi Ermənistanda bizim yerli, türklərə meylli bolşeviklərimizdən də geosiyasi maraqlar üçün istifadə etməyi bacardı. Artıq xalqımız üçün dəhşətli görünən bir dövrün sonu gəlib. Sadəcə olaraq ara yerdə xeyli sayda gənclərimiz qırıldı. Mənim oğlanlarımıza yazığım gəlir... Onlar Nikolun geosiyasi oyunlarının qurbanı oldular.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   ABŞ   Qarabağ   Bayden  





Xəbər lenti