Rusiyanın hansı bombası Ukraynalı generalı heyrətləndirdi? |
"Rusiya Aerokosmik Qüvvələrinin nəinki nəhəng, həm də döyüşlərdə yeni istifadə etdiyi bir təhlükəli bombası var. 3 tonluq heyrətamiz FAB-a mükəmməl qanadlar əlavə olunub və "Su" qırıcı-bombardmançı təyyarəsi tərəfindən yüksək hündürlükdən atıldıqda onlarla kilometr məsafə qət edə bilir. O, peyklə də idarə oluna bilir. Bu, zərbə nöqtəsindən yüzlərlə metr aralıda Ukrayna əsgərlərini və ümumilikdə mülki insanları qısa zamanda öldürə, şikəst edə bilən dəhşətli silahdır", - "The Telegraph" yazıb.
Bununla belə, müəllif qeyd edib ki, FAB-ların iri həcmli olması onun əsas mənfi tərəfi sayılır. Təyyarələr bu nəhəng silahlarla yüngül bombalara nisbətən daha qısa məsafədə hərəkət edə bilirlər. Bu isə rus qırıcılarının ekipajlarını ciddi təhlükə altına salır: "Ukrayna özünün hava hücumundan müdafiə sistemini gücləndirən kimi iri idarəolunan bombaları daşıyan Rusiya təyyarələri ilk hədəfə çevriləcək".
Qeyd edək ki, FAB-lara cəhənnəm bombası da deyirlər. Rusiya bu silahdan son aylarda istifadə etməyə başlayıb. Eyni nəsildən olan digər təhlükəli silah FAB-1500 də kabusa çevrilib. Açıq mənbələrdə yazılan məlumatlara görə, yarım tonluq çəkiyə malik və daxilində 600-1200 kiloqrama yaxın partlayıcı yerləşdirilən bu bomba FAB-3000-dən fərqli olaraq idarə olunmayandır. 2024-cü ilin yanvar ayında nümayiş olunan kadrlardan sonra məlum olub ki, FAB-1500 universal modul planlaşdırılmasına uyğunlaşdırılıb və bu da təyyarəyə düşmənin hava hücumundan müdafiə zonasına daxil olmadan atəş açmaq imkanı yaradır. Daha sonra bomba təyin olunmuş nöqtəyə öz qanadları vasitəsi ilə uçur.
Tural Tağıyev
AzVision.az