23 il əvvəl ABŞ-da törədilmiş terror aktının təşkilatçısı sövdələşməyə gedib

   23 il əvvəl ABŞ-da törədilmiş terror aktının təşkilatçısı sövdələşməyə gedib
  01 Avqust 2024    Oxunub:1179
2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarının əsas müttəhimi Xalid Şeyx Məhəmməd və onun iki şəriki ABŞ hərbi prokurorları ilə razılığa gəliblər, nəticədə onlar ölüm hökmündən yayınacaqlar.
AzVision.az “BBC” nəşrinə istinadən xəbər verir ki, həmin terror aktında ittiham olunan Xalid Şeyx Məhəmməd, Valid Məhəmməd Salih Mübarək bin Attaş və Mustafa Əhməd Adam əl-Həvsəvi bütün bu illəri Amerikanın Kubada yerləşən “Quantanamo” bazasındakı düşərgədə keçirdilər.

2003-cü ildə Pakistanda həbs edilmiş Xalid Şeyx Məhəmməd 2008-ci ildə əsas ittiham da nəzərə alınmaqla bir çox ittihamlar əsasında - 2001-ci il sentyabrın 11-də kamikadzelər tərəfindən qaçırılan sərnişin təyyarələrindən birinin Dünya Ticarət Mərkəzinin qüllələrinə hücumu nəticəsində 2796 nəfərin qətlində günahlandırılıb. İkinci təyyarə Vaşinqton yaxınlığında yerləşən Pentaqonun binasına çırpılıb. Daha bir təyyarə isə Pensilvaniya ştatında tarlaya düşüb.

Müttəhimlərlə razılaşmanın baş tutduğunu elan edən Pentqaon onun şərtlərini açıqlamayıb. “BBC” xatırladır ki, Xalid Şeyx Məhəmməd və onun əlaltılarının işi illərlə ibtidai araşdırma mərhələsində ilişib qalmışdı. Mübahisələr təqsirləndirilən şəxslərin istintaqın ilkin mərhələlərində məruz qaldıqları işgəncələr ətrafında gedirdi. Mətbuat xəbərlərinə görə, Şeyx Məhəmməd hətta suda batma simulyasiyası kimi işgəncələrə məruz qalıb.

Qeyd edək ki, Pakistanda anadan olmuş 59 yaşlı Xalid Şeyx Məhəmməd ərəb ölkələrində yaşayıb, ABŞ-da təhsil alıb və Əfqanıstanda sovet qoşunlarına qarşı döyüşüb. Amerika istintaqının iddiasına görə, məhz bu şəxs “Əl-Qaidə” terror təşkilatının lideri Usamə bin Ladenə ABŞ-dakı göydələnləri ələ keçirilən təyyarələrlə vurmaq təklifini verib, sonra isə bəzi kamikadzelərin seçilməsində və təlimində iştirak edib. Bundan əlavə, Şeyx Məhəmmədin bir sıra digər səs-küylü terror aktlarında da əli olduğunu hesab edirlər.

“The New York Times” nəşrinin yazdığına görə, müttəhimlər günahlarını etiraf etməyə və ölüm cəzası əvəzinə ömürlük həbs cəzası almağa razılaşıblar. Qəzet sövdələşmənin şərtlərini ABŞ-nin baş hərbi prokuroru, kontr-admiral Aaron Ruqun sözügedən terror aktının qurbanların yaxınlarına göndərdiyi məktubdan öyrəndiyini bildirib.

“Ölüm hökmünün mümkün cəzalar siyahısından çıxarılması müqabilində üç müttəhim 2976 nəfərin qətli də nəzərə alınmaqla, ittiham olunduqları bütün cinayətlərdə təqsirli olduqlarını etiraf etməyə razılaşıblar”, - qəzet yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ     terror  





Xəbər lenti