Kiyev ABŞ-nin siyasəti ucbatından Su-34-ləri vurmaq şansını itirdi - "Forbes"

 Kiyev ABŞ-nin siyasəti ucbatından Su-34-ləri vurmaq şansını itirdi  - "Forbes"
  06 Avqust 2024    Oxunub:1502
"Ukraynanın bir əməliyyatla Rusiyanın onlarla Su-34 təyyarəsini məhv etmək şansı olub. Lakin ABŞ-nin Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadəyə qadağa qoyması səbəbindən Ukrayna Silahlı Qüvvələri bu şansdan yararlana bilməyib və indi artıq çox gecdir".
Bu fikirlər “Forbes”də dərc olunan məqalədəndir. Nəşr yazıb ki, Ukrayna bir neçə aydır müttəfiqlərindən Rusiyanın sərhəd yaxınlığındakı aerodromlarında saxlanılan hərbi təyyarələri vurmaq üçün ballistik raketlərdən istifadəyə icazə vermələrini xahiş edir.

"F-16-nın dəstəyini hiss edirik" - Ukraynalı zabit
Nəşr yazıb ki, Su-34-lərin saxlanıldığı Voronej-Malşevo açıq aviabazası kifayət qədər yaxşı qorunan obyekt olduğu üçün ukraynalılar bu ərazini məhz ATACMS raketləri ilə vurmaq üçün icazə istəyiblərmiş. ATACMS raketlərini havada zərərsizləşdirmək isə demək olar ki, mümkün deyil. Lakin ABŞ prezidenti Cozef Baydenin administrasiyası razılıq verməyib.

Hətta ruslar ATACMS ilə bağlı aparılan danışıqlardan xəbərdar olduqları üçün, Su-34-ləri Voronej-Malşevo və digər sərhədə yaxın aerodromlardan çıxarmaqla bağlı nadir qərarlardan birini veriblər.

Digər müttəfiqlər də məlum təkliflərdən imtina etdikcə, Ukrayna nisbətən zəif olan öz silahlarından yararlanaraq Rusiyanın ən həssas aerodromlarına hücumlarını gücləndirib: "Məsələn, şənbə günü Ukrayna pilotsuz təyyarələri cəbhə xəttindən 200 mil məsafədə, Rusiyanın cənubundakı Morozovskda yerləşən hava bazasına zərbələr endirdi. Ukrayna kəşfiyyatının məlumatına görə, əməliyyat zamanı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi məhv edilib, daha iki Su-34-ə isə ciddi ziyan dəyib və silah-sursat anbarı yanıb".

Kiyevin hərbi dairələri Rusiya-Ukrayna sərhədi yaxınlığındakı aerodromları hədəfə alaraq Su-34 qırıcı-bombardmançılarını kütləvi şəkildə məhv etməyə ümidlidir. Çünki bahalı və güclü qırıcılar cəbhə xətti boyunca Rusiyanın demək olar ki, bütün son qələbələrində həlledici rol oynayıblar.

Bununla belə, ruslar bahalı təyyarələrini daha az riskli bazalara köçürdükcə, bu cür uğurlu reydlərin həyata keçirilməsi də getdikcə çətinləşir: "Bu gün əksər Su-34-lər artıq sərhəddən yüzlərlə mil uzaqlıqdakı bazalarda yerləşdirilib. Əslində onlar Ukrayna pilotsuz təyyarələri üçün əlçatandırlar. Ən uzağa uçan PUA modelləri 1000 mildən çox məsafəni qət edə bilir. Lakin bu uzaq bazalar Ukrayna pilotsuz təyyarələrindən güclü şəkildə qorunur. Hətta əgər Ağ Ev ATACMS-ın Rusiya bazalarına basqın əməliyyatlarında istifadəsinə icazə versə belə, bu artıq xeyli gecikmiş qərar olacaq. Çünki Ukrayna üçün ən dəyərli hədəflər xeyli uzaq məsafədə olacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Raket   Təyyarə   Baza  





Xəbər lenti