Trampı öldürmək istəyən İrana bağlı pakistanlı həbs olunub

   Trampı öldürmək istəyən İrana bağlı pakistanlı həbs olunub
  07 Avqust 2024    Oxunub:971
ABŞ hakimiyyəti Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp da daxil olmaqla, Amerika siyasətçilərinə sui-qəsddə iştirakda şübhəli bilinən pakistanlını həbs edib.
“CNN” telekanalı xəbər verir ki, ABŞ-nin Ədliyyə nazirliyinin ittiham aktına əsasən, söhbət 46 yaşlı Pakistan vətəndaşı Asif Merçantdan gedir. O, iyulun 12-də ABŞ-ni tərk etmək istəyərkən həbs olunub. Prokurorluğun məlumatına görə, Asif Merçant bir müddət İranda yaşayıb və onun bütün ailəsi də orada yaşayır.

İttiham tərəfi bildirib ki, aprel ayında Pakistandan ABŞ-yə təyyarə ilə gələn Merçant muzdlu qatillər tapmağa çalışıb. O, hətta özlərini potensial qatillər kimi qələmə verən ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşüb.

Qətl avqustun sonu və ya sentyabrın əvvəlinə planlaşdırılıb. Ədliyyə nazirliyinin sənədlərindən belə anlaşılır ki, bu, 2020-ci ildə Bağdada raket zərbəsi nəticəsində iranlı general, İslam İnqilabı Keşikçiləri Korpusunun elit Əl-Qüds bölməsinin komandiri Qasım Süleymaninin öldürülməsinə qisas cavabı olmalı idi. Həmin zərbə ABŞ-nin prezidenti Donald Trampın göstərişi ilə həyata endirilmişdi.

“Pakistana və müsəlman dünyasına zərər verən” şəxsləri aradan götürmək istədiyini bildirən Merçant, onların “sadə adamlar” olmadığını iddia edib. Sifariş üçün o, 5000 ABŞ dolları məbləğində əvvəlcədən nağd pul da ödəyib.

Prokurorların dediyinə görə, sui-qəsdin bir hissəsi kimi pakistanlı qətl törətmək üçün kişilər, “kəşfiyyat” üçün bir qadın və “qətl törədildikdən sonra diqqəti yayındırmaq məqsədi ilə etiraz aksiyası keçirə biləcək” təxminən 25 adam axtarıb.

CNN qeyd edir ki, Asif Merçantın iyulun 13-də Batlerdə keçirilən mitinqdə Trampa qarşı sui-qəsd cəhdi ilə heç bir əlaqəsi yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Merçant   Tramp   qətl  





Xəbər lenti