Rusiyaya qarşı Cənub cəbhəsi açılacaqmı? Hər şey Gürcüstandan asılıdır

   Rusiyaya qarşı Cənub cəbhəsi açılacaqmı?   Hər şey Gürcüstandan asılıdır
  12 Avqust 2024    Oxunub:1420
Rusiyaya qarşı Cənub cəbhəsinin açılması Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrindən və qismən də Ermənistanın hərəkətlərindən asılı olacaq.
Serbiyanın “SRBİN.info” portalında dərc olunmuş materialda Qərbin müxalifətin vasitəsilə Tbilisini Moskva ilə müharibəyə sürükləməyə hazır olduğu, eləcə də İrəvanın kursunun dəyişdirilməsinin arxasında dayandığı bildirilir. Məhz bunun nəticəsi kimi SSRİ-nin dağılmasından bu günə qədər, demək olar ki, son 25 ildə bütün Qafqazda vəziyyət heç cür sabitləşmir.

“Gürcüstanda hökumət qüvvələri ilə onun qərbində yerləşən Abxaziya regionundakı separatçılar arasında baş verən silahlı toqquşmaları, çeçen müharibələrini, terrorçulara və separatçılara qarşı Rusiya ordusunun Dağıstana məcburi hərbi müdaxiləsini yada salaq. Həmçinin Cənubi Osetiya uğrunda qısamüddətli Rusiya-Gürcüstan müharibəsini və Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə bu yaxınlarda başa çatmış silahlı qarşıdurmanı da xatırlamaq olar”, - materialda bildirlir.

Müəllif qeyd edir ki, bu münaqişələrin bəziləri hələ də közərir və bir çox analitiklərin fikrincə, bu, gözlənilməz nəticələrə gətirib çıxara, habelə siyasi, milli və dini ziddiyyətlərdən, müxtəlif maraqların, o cümlədən kənar qüvvələrin qarşıdurmasından əziyyət çəkən bütün regionda sabitliyi poza bilər.

Artıq uzun müddətdir ki, Ermənistan və Gürcüstan daxili və xarici siyasətdə gələcək kursları ilə bağlı qeyri-müəyyənlik səbəbindən beynəlxalq ictimaiyyətin, ilk növbədə, Moskva və Qərbin diqqət mərkəzindədir. Rusiyanın cənub sərhədində yerləşən bu mürəkkəb regionda ümumi vəziyyət əsasən bundan asılıdır.

Ermənistanın Dağlıq Qarabağın itirilməsindən məyusluğu davam edir. Gürcüstanda isə vəziyyəti fırtına öncəsi sakitlik kimi xarakterizə etmək olar. Oktyabrın sonunda orada parlament seçkiləri keçiriləcək və proqnozlara görə, məhz onun nəticələri ölkənin taleyini həll edəcək. Gürcüstan ya azad və müstəqil qalacaq, ya da Qərbin əlavəsinə çevriləcək ki, bu da ölkəni Rusiya ilə münaqişəyə sürükləyə və beləliklə də, onun böyük qonşusuna qarşı ikinci döyüş meydançasını - Cənub cəbhəsini aça bilər.

Gürcüstan ikinci cəbhəyə çevrilə bilər
Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin mərkəzi televiziyasının 1-ci kanalında belə ssenarinin hansı halda baş verəcəyini açıqlayıb.

- Respublikanın keçmiş prezidenti Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası parlament seçkilərində qalib gələrsə, Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə yaranacaq. “Vahid Milli Hərəkat”ın geri dönməsinə icazə versək, yeni hökumətə burada ikinci cəbhə açmaq üçün bir həftədən az vaxt lazım olacaq”, - Kobaxidze vurğulayıb.

Bu baxımdan, Gürcüstanda ab-hava uzun müddətdir ki, qeyri-müəyyəndir və parlamentin “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul etməsindən sonra vəziyyət daha da gərginləşib. Gözlənildiyi kimi, onu parlamentin sədri Şalva Papuaşvili imzalayıb və qanun qüvvəyə minib. Çünki Gürcüstan prezidenti Salome Zurabişvili bu qanunu imzalamaqdan imtina edib. Rəsmi açıqlamalara görə, qanunun məqsədi “Gürcüstanın siyasi, iqtisadi və sosial sistemini kənar müdaxilələrdən qorumaqdır”. Bu xüsusda ölkədəki 31 minə yaxın QHT-nin xaricdən maliyyəşən 20%-i “Xarici təsir agenti” kimi qeydiyyatdan keçməlidir. Qərbin ciddi şəkildə dəstəklədiyi müxalifət isə parlament seçkilərinə qədər yeni etiraz aksiyalarının anonsunu verir.

Qərbpərəstliyi ilə tanınan Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrda “xalqın Avropanın gələcəyinə səs verəcəyinə” və hakim “Gürcü Arzusu” partiyasının məğlub olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, müxalifətin yanında olan kollektiv Qərb sözügedən qanunu qəbul edənlərə qarşı sanksiyalar mexanizmini işə salacaq.


Gürcüstan prezidenti ilə həmrəy olan müxalif partiyaların liderləri də hökuməti satqınlıqda günahlandırır və xalqın bunu onlara bağışlamayacağını iddia edirlər.

“Qələbə vaxtı yetişib. Yolumuz Avropayadır. Oktyabrda biz “Gürcü arzusu”nun bizi düçar etdiyi tarixi məğlubiyyətə nəhayət və əbədi olaraq son qoyacağıq”, - müxalifət bildirib.

Tam fərqli fikrin hökm sürdüyü hakim partiyada isə gürcü xalqının parlament seçkilərində əsarət və işğala deyil, Gürcüstanın azadlığına, ləyaqətinə və müstəqilliyinə səs verəcəyinə ümidlidirlər. Ölkə parlamentinin sədri Salva Papuaşvili müxalifətin radikal hissəsinin gürcü xalqının yox, xarici qüvvələrin tərəfində olduğunu iddia edir.

Onunla eyni mövqedə dayanan Gürscüstan parlamentinin İnsan Haqları üzrə Komitəsinin sədri Rati İonatamişvili müxalifəti faşizm ideyalarının təbliğində ittiham edərək, “Gürcü arzusu”ndan olan həmkarlarını “dürüstlük və vətənpərvərlik nümunəsi” adlandırıb.

“Gürcüstan xalqı yeni Maydan təşkil etməyə layiq deyil və buna görə də, hər bir vətəndaşı indi ən çox bir şey narahat etməlidir - ölkəsinin müstəqilliyi”, - Rati İonatamişvili vurğulayıb.


Gözlənildiyi kimi, prezidenti Salome Zurabişvili bu bəyanatı Gürcüstanın beynəlxalq tərəfdaşlarına - Avropa İttifaqına (Aİ) və ABŞ-yə qarşı müharibə elanı adlandırıb. Kremlin qəti əleyhdarlarından olan Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının yaradıcısı və fəxri sədri, milyarder Bidzina İvanişvilini “Vladimir Putinin üsullarından istifadə etməkdə” günahlandırıb.

Məqalədə qeyd olunur ki, bu yaxınlarda Gürcüstan prezidenti Moskvanın onun ölkəsinə qarşı hibrid müharibə apardığını və indiki hakimiyyətin Gürcüstanı Kremlin qucağına qaytarmaq və bununla da Tbilisinin Aİ-yə üzvlük ümidlərini basdırmaq istədiyini açıqlayıb. Moskva ilə münasibətlərin yaxşılaşdırılmasına qarşı çıxan Salome Zurabişvili vurğulayır ki, Rusiya öz “sərhədlərinin harada olduğunu bilməlidir” və həm Ukraynada, həm Cənubi Osetiyada, həm də Abxaziyada “işğal olunmuş əraziləri” geri qaytarmalıdır.

Sahil İsgəndərov
AzVision.az






Teqlər:   Gürcüstan   Rusiya   cəbhə  





Xəbər lenti