ABŞ səfiri: "Türkiyəyə "F-35" satışı yalnız bu halda baş tuta bilər"

      ABŞ səfiri:    "Türkiyəyə "F-35" satışı yalnız bu halda baş tuta bilər"
  15 Avqust 2024    Oxunub:1399
"Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemləri ilə bağlı problem həllini taparsa, Türkiyəyə "F-35" qırıcılarının satışı barədə danışıqlar aparılacaq".
Bu sözləri Ankarada mətbuata açıqlamasında ABŞ-nin Türkiyədəki səfiri Cef Fleyk dilə gətirib.

O həmçinin ABŞ və Rusiya arasında məhbus mübadiləsində vasitəçiliyə görə Prezident Rəcəb Tayyib Ərdoğana öz təşəkkürünü bildirib.

"Bu çox çətin proses idi, ancaq Türkiyə əsl peşəkarlıq göstərdi. Əmin deyiləm ki, hansısa başqa ölkə bu vəzifənin öhdəsindən Türkiyə kimi məsuliyyətlə gələ bilərdi", - səfir vurğulayıb.

Türkiyə NATO-dakı mövqeyini də yüksək qiymətləndirən Cef Fleyk bu ölkəni "alyansın ikinci mühüm ölkəsi" adlandırıb:

"Ankara öz mövqeyini son illər dəfələrlə sübuta yetirib. Ukraynada müharibənin beşinci günündə Ankaranın Montrö boğazlar konvensiyasını işə salması, İsveç və Finlandiyanın alyansa üzvlüyünə töhfə verməsi bu baxımdan təqdirəlayiqdir".

ABŞ-nin Türkiyəyə "F-35" satışı məsələsinə gəlincə isə, səfir diqqətə çatdırıb ki, "Vaşinqton Türkiyənin yenidən "F-35"lər ala bilməsini arzulayır".

"Əlbəttə, əsasən "F-16" satışına diqqət yetirmişik. ABŞ Konqresi bu hərbi təyyarələrinin satışına icazə verən əhəmiyyətli qanun çıxarıb. Prosesin dayana biləcəyi qorxusu var idi, ancaq uğurla irəliləyir. Türkiyənin "F-35" konsorsiumuna qaytarılması qərarı isə təkcə ABŞ-dən yox, konsorsiumun digər üzvlərindən də asılıdır. Digət tərəfdən, Rusiyanın "S-400" sistemləri ilə bağlı problemin öz həllini tapmalıdır ki, bu məsələ üzrə ciddi danışıqlar başlansın", - amerikalı diplomat deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   F35  





Xəbər lenti