Kiyevin Kurskda hücumu zəifləyir, Rusiya isə Ukraynada irəliləyir

 Kiyevin Kurskda hücumu zəifləyir, Rusiya isə Ukraynada irəliləyir
  15 Avqust 2024    Oxunub:1145
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləməsi xeyli səngiyib.
AzVision.az ABŞ-nin “Müharibənin Tədqiqi İnstitutu”nun (ISW) hesabtında Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin bu məntəqələrində olduğu bildirilir: Korenevo rayon mərkəzinin 10 km-də yerləşən Juravli kəndinin şərq hissəsində; Ulanok kəndindən şimal-qərbdə (Sudjadan təxminən 10 km cənub-şərqdə); Kamışnoye (Sudjadan cənub-şərqdə 20 km düz xəttdə yerləşən və Giryi kəndinə çox yaxın olan məkan) kəndinin qərb hissəsində kiçik bir ərazidə.

ISW həmçinin bildirir ki, “Maxar” peyk görüntülərinə əsasən, ruslar Ukrayna bölmələrinin olmasının vizual şəkildə təsdiqləndiyi yerdən 17 km şimalda, Rılsk-Lqov-Kurçatov-Kursk yolu boyunca Lqov yaxınlığında xəndəklər qazır və müdafiə xətti qurur. Hesabat müəlliflərinin fikrincə, bu, rusların ukraynalıların daha da irəliləyəcəyini gözlədiyindən xəbər verir.

Ukraynalı, rusiyalı və kənar şərhçilərin son günlər qeyd etdiyi kimi, Kursk vilayətində hələ ki, dəqiq cəbhə xətti yoxdur. Mobil qruplar şəklində irəlidə fəaliyyət göstərən Ukrayna hərbçiləri Rusiya müdafiəsində zəif nöqtələr və ya boşluqlar axtarır.

Kurskda yaranmış vəziyyət fonunda geolokasiya kadrlarına istinad edən ISW Rusiya qoşunlarının Xarkovdan şimala, habelə Qlubokoye kəndinin cənub-şərqinə doğru irəlilədiyini bildirib.


İnstitutun analitikləri, eyni zamanda, Donbasda rusların Pokrovsk və Çasov Yar şəhərlərinə təzyiqlərini davam etdirdiklərini, nəticədə Pokrovsk istiqamətində irəlilədiklərini təsdiqləyiblər.

Maraqlıdır ki, bir gün əvvəl ISW Rusiyanın Xarkovdakı qoşunlarının bir hissəsini Kurk vilayətinə geri çəkdiyini iddia edirdi. Bu məlumat hətta həqiqəti əks etdirsə belə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada, xüsusilə də Xarkov istiqamətində öz planlarını dəyişmək niyyətində olmadığı aydınlaşır. Belədə Kiyevin Kurska hücumunun əsas məqsədinin reallaşmadığı sübuta yetir.

Əslində, adətən böyük mənada ekspertlərin ehtimallarına və fərziyyələrinə söykənən ISW əksər hallarda arzuolunanı reallıq kimi qələmə verməyə çalışır ki, bu da daha çox hibrid müharibənin variantlarından biri təəssüratını bağışlayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kursk   Xarkov   Donbass  





Xəbər lenti