Şəki prokurorluğunun yeni binası istifadəyə verildi
Tədbiri açan Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev qeyd edib ki, milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.
Bildirilib ki, Şəki rayon prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğıdan bəhs edən Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.
Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb. Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.
Daha sonra iştirakçılar Şəki rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olublar. Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş yeni xidməti avtomobillərə baxış keçirib.
AzVision.az
Teqlər: