Məzahir Pənahov TDT nümayəndə heyəti ilə görüşüb
Ö.Qocaman MSK-dakı səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünü bildirib, Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdən şad olduqlarını deyib və prosesləri fəal şəkildə müşahidə edəcəklərini vurğulayıb. Beynəlxalq müşahidəçilər, həmçinin Milli Məclisə seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar.
MSK sədri seçkilərin geniş aşkarlıq mühitində azad və ədalətli keçirilməsi məqsədilə gerçəkləşdirilən irimiqyaslı layihələr barədə məlumat verib. M.Pənahov bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, eyni zamanda diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb. Komissiya sədri ölkədəki siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsində xüsusilə fəallıq göstərdiyini və çoxsaylı müşahidəçiləri ilə proseslərin müşahidəsinə qatıldıqlarını vurğulayıb.
Ətraflı məlumat üçün minnətdarlığını bildirən nümayəndə heyətinin üzvləri qarşıdan gələn seçkilərdə MSK-ya müvəffəqiyyətlər arzulayıb, seçkilərin xalqımız üçün xeyirli və uğurlu olmasını diləyiblər.
Görüş çərçivəsində həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.
AzVision.az