COP29: Dini liderlərin sammitinə hazırlıq müzakirə olunub

      COP29:    Dini liderlərin sammitinə hazırlıq müzakirə olunub
  04 Sentyabr 2024    Oxunub:942
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 konfransı çərçivəsində dünya dini liderlərinin sammitinin keçirilməsi istiqamətində hazırlıq işlərini müzakirə edib.
Görüşdə dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən dini icmalar arasında maarifləndirmə sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı ilə dinin, ümumilikdə xalqın milli-mənəvi dəyərlər sisteminin qorunması, tolerantlıq, multikulturalizm ənənələrinin inkişaf etdirilməsi və təbliği istiqamətində çox mühüm tədbirlər həyata keçirilir.

Azərbaycanda mövcud olan dövlət-din münasibətləri modeli dini etiqad azadlığının sərbəst həyata keçirilməsinə imkan yaratmaqla bərabər, dini icmalar arasında qarşılıqlı anlaşmanın, həmrəyliyin dərinləşməsinə xidmət edir. Bildirilib ki, etnik-dini müxtəlifliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Görüşdə Azərbaycan dövlətinin dünyada nüfuzunun artdığını, beynəlxalq səviyyədə Azərbaycana böyük etimadın mövcud olduğunu təsdiqləyən bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi üçün texniki-təşkilati məsələlərin həllində Dövlət Komitəsi ilə QMİ arasında əməkdaşlığın vacib əhəmiyyətə malik olduğu qeyd olunub.

Sammitə dəvət olunacaq qonaqların ölkəmizə səfəri ilə bağlı həllini gözləyən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif ideya və təkliflər müzakirə edilib. COP29 çərçivəsində keçiriləcək dini liderlərin sammitinə hazırlıq işlərinin effektiv koordinasiyası məqsədilə yaradılacaq təşkilat komitəsində Dövlət Komitəsi və QMİ nümayəndələrinin təmsil edilməsinin zəruri olduğu vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti