Mirzoyan kvadroberlərin yayılmasından xəbərdar olduğunu söyləyib və bunu yenilik adlandırıb. Öz növbəsində, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan da məsələyə reaksiya verərək deyib ki, Avropada kvadroberlər artıq özlərini “gender” kimi aparırlar.
"Ya sat, ya da bağlayıram!" - ABŞ və Çinin TikTok davası |
“Çünki danışıqlara başlamazdan əvvəl müzakirələr aparmaq üçün əlavə vaxtımız var idi. İndicə bir ananın uşağını ipə bağlı şəkildə aparmasını, kvadroberlərin necə gəzmələrini əks etdirən yeni bir videoya baxdım. Bu anlaşılan bir şey deyil. Məhz ona görə Ermənistanda da kvadroberlərin olub-olmaması ilə maraqlandım. Məlum oldu ki, var”, - Lavrov bildirib.
Nazir jurnalistin “bəs bu kvadroberlərə qarşı nə isə bir tədbir görmək lazımdırmı?” sualına da cavab verib.
“Bizim qanunvericilər bunun üzərində işləyirlər. Mən onlara tam etibar edirəm”, - Rusiya XİN rəhbəri bildirib.
Lavrovun qeyri-rəsmi görüşdə məhz kvadrover məsələsindən söz açması təsadüfi hal sayılmamalıdır. Məsələ ondadır ki, yeni və hələ ki, cəmiyyət üçün anlaşılmaz sayılan bu trendə qoşulanlar Rusiyada da böyük populyarlıq qazanıblar. Bu hobbi xüsusən də rus uşaqlar və yeniyetmələr arasında məşhurdur.
Kvadroberlər kimlərdir və bu hobbi nə qədər təhlükəlidir?
Kvadrober(Kvadrobika) termini "quattuor" -dörd və aerobika sözlərindən yaranıb.
Əslində Kvadrobika yeni bir fenomen deyil. 2000-ci illərdə yaranarkən əvvəlcə idman növü kimi təqdim olunurdu. Onun təsisçisi yapon sprinter Keniçi İto hesab olunur. İdmançı qeyd edib ki, dörd ayaqlı heyvanlar kimi qaçmağı sevirmiş. İto 2008-ci ildə bu üsulla 100 metr məsafəni cəmi 18,58 saniyəyə qət edib. Bundan sonra sprinter "Man-Ape"(Meymun insan) ləqəbini alıb. Yeddi il sonra İto eyni məsafəni 15,71 saniyəyə qət edərək öz rekordunu qırıb.
İtonun idman növü populyarlıq qazanmasa da gənclər arasında diqqət çəkə bildi. 2020-ci ildən sonra isə getdikcə daha çox insan Kvadrobikadan kvadroberliyə keçid etdi-heyvanları hər mənada təqlid etməyə başladı. Məlum trend daha çox sosial şəbəkələr sayəsində yayıldı.
Kvadroberlərlə bağlı məsələlər sosial mediada bu ilin əvvəlindən daha çox müzakirələrə çıxarılmağa başlayıb. Kvadroberlik uşaqlar və yeniyetmələr arasında populyar olan yeni subkulturaya çevrilib.
Subkulturanın unikal xüsusiyyəti həm də ondan ibarətdir ki, insanlar təkcə heyvanların vərdişlərini təqlid etmirlər, həm də onlara uyğun geyimlərdən də istifadə edirlər. Kvadroberlərin imicinin əsas elementi maskaları sayılır. Üstəlik, bu maskalar daha real görünürlər. Maskalar pişiklərin, tülkülərin, şirlərin və digər heyvanların başlarını xatırladır. Onların gözləri, burunları, qulaqları əsl heyvanı xatırladır, bəzən isə hətta həqiqi xəzdən də istifadə olunur. Maskalardan əlavə, uşaqlar heyvan geyimlərinin müxtəlif elementlərindən istifadə edirlər. Məsələn, quyruq taxır və ya pəncələrdən yararlanırlar.
İlk baxışda sual oluna bilər ki, "burada qeyri-adi nə var?" Uşaqlıqda hamımız özümüzü at, pişik və it balası kimi apararaq hətta müəyyən səslər çıxarmışıq. Bir sözlə heyvanları təqlid edə-edə qapalı məkanlarda oynamışıq. Amma bu yeni subkulturanı yaradanlar "oyundan" kənara çıxırlar. Məsələn, onlar ictimai yerlərdə özlərini qəribə aparır, yoldan keçənlərə və ya heyvanlara belə hücum edə bilirlər. O zaman sual yaranır - kvadroberliyin uşaq əyləncəsindən deviant davranışa (cəmiyyət tərəfindən qəbul edilmiş sosial normalardan kənara çıxma halı-red.) çevrildiyi xətt haradadır?
Yeniyetmələr üçün bu hobbi zərərsiz əyləncə və ya vərdiş kimi görünür. Ancaq bu hobbi artıq cəmiyyətin əksər bölümündə suallar doğurmağa başlayıb. Bəzi ölkələrdə hətta yeni trendin qadağan edilməsi təklif olunur. Məsələ burasındadır ki, sosial şəbəkələrdə heyvan maskalı yeniyetmələrin təkcə dördayaq üstə qaçması, it-pişik kimi qablardan yalamaqla yemək yeməsi deyil, özlərini yoldan keçənlərin üzərinə belə atmasını əks etdirən videolara da rast gəlinir.
Məsələn, yadda qalan əsas qalmaqallardan biri bu ilin sentyabr ayının əvvəlində olub. Müğənni Mia Boykanın çıxışı zamanı səhnəyə pişik maskası taxmış balaca qız çıxarılıb. Boyka uşaqdan kvadroberlərə olan sevgisi barədə soruşub və pərəstişkarları qarşısında onu ələ salmağa başlayıb.
Bu epizodu əks etdirən video çarx TikTok-da yayımlandıqdan sonra yeddi milyondan çox baxış toplayıb. Şərhlərdə istifadəçilər müğənnini zorakılıqda, təhqirdə qınayıb və bu vəziyyətin uşağa ciddi travma verə biləcəyindən narahat olduqlarını yazıblar.Hətta iş o yerə çatıb ki, sənət adamları -Yeqor Krid və Klava Koka uşağın müdafiəsinə qalxıblar. Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina isə müğənnidən prokurorluğa şikayət etdiyini bildirib...
Onları bəzən "furri" subkulturası (Furry fandom- insan xüsusiyyətlərinə sahib qondarma antropomorfik heyvan simvolları) ilə qarışdırırlar. Əslində isə kvadroverlə "furri" arasında fərq var. Yeni trendi yaradanlar təkcə insanı heyvana bənzədən geyimlərdən istifadə ertmirlər. Onlar heyvanların vərdişlərini də kopyalayırlar: nərildəyir, yalayır, vəhşilər kimi qaşınır, qeyri-adi şəkildə qaçır və dörd ayaq üstə hərəkət edirlər.
Hər bir dövrün özünə xas subkulturaları olur. Hazırda kvadroberlik yayılır və bununla bağlı mübahisələr səngimir.
Tural Tağıyev
AzVision.az